"Əziz Şuşa" beynəlxalq velosiped yarışının IV mərhələsinə dair mətbuat konfransı keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının IV mərhələsi sona çatıb. SİA xəbər verir ki, yarışda birinci yerin qalibi İtaliyanın "Team Technipes İnemiliaromagna" komandasının velosipedçisi Alessandro Monaco olub. İkinci yer İtaliya komandasının üzvü Emanuele Ansaloni, üçüncü yerin sahibi isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi olub.

Qaliblərin mükafatlandırma mərasimi olduqdan sonra dördüncü mərhələnin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında yarışın direktoru Roland Hofer bugünkü mərhələnin maraqlı keçdiyini bildirib: "Yarışın ilk dəqiqələrindən idmançılar hücuma başlamışdır. 5 nəfərdən ibarət bir qrup velosipedçi önə keçdi. Əsas qrup arasında məsafə 3-4 dəqiqə oldu. Sonra İtaliya komandasının iki velosipedçisi lider pozisiyalarını aldılar. Nəticədə mərhələnin lideri Alessandro Monaco, ikinci yerin sahibi isə Emanuele Ansaloni oldu".

"Şadam ki, bu gün turnirdən çox velosipedçi ayrılmadı. Bugünkü mərhələdə bir velosipedçi mübarizəni dayandırdı. Sabahkı Şuşa mərhələsini səbirsizliklə gözləyirik"- deyə o bildirib.

Daha sonra çıxış edən dördüncü mərhələnin qalibi italiyalı Alessandro Monako komanda yoldaşlarına öz təşəkkürüne bildirib: "Bu gün mən və komandam üçün gözəl keçdi. Sevinirəm ki, komanda yoldaşım Emanuele sarı köynəyi qorumağı bacardı. Sabahkı şah-marşrut üçün də hazırlaşırıq".

Konfransda ikinci yerin sahibi italiyalı Emanuele Ansoloni də çıxış edib. "Şadam ki, komandamız bu mərhələdə uğurlu çıxış etdi. Lider köynəyini özümdə saxladığım üçün çox xoşbəxtəm. Sabahkı mərhələ üçün çox güclü hazırlaşırıq. Məqsədim ümumi təsnifat qalibi olmaqdır"- deyə o, qeyd edib.

Dördüncü mərhələnin ən yaxşı dağ velosipedçisi olan Azərbaycan komandasınən üzvü Samir Cəbrayılov təəssüratlarını bölüşüb: "İlk mərhələdən çalışırdım ki, xal qazanaraq qırmızı köynəyin sahibi olum. Mənim əsas rəqibim Qazaxstanlı velosipedçi idi. Bu gün əlimdən gələni etdim.

Pilaton dağılırdı və bu mənim üçün gözəl bir şans oldu. Birinci təsnifatdan ikinci idim. Digər komandadan rəqibim var idi və strateji işlədərək 10 xal qazandım. Yoxuşun sonunda bilirdim ki, artıq təsnifat mərhələsi yoxdur bütün gücümü sabaha saxlamışam".

Xatırladaq ki, idmançılar 11 iyun tarixində Beyləqan-Şuşa marşrutu üzrə 134,9 kilometr məsafəni qət edəcəklər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə