"Qalibin son iki mərhələdə müəyyənləşəcəyini düşünürəm" - VELOSİPEDÇİ MÜNASİBƏT BİLDİRDİ

"Mən keçən il Azərbaycan milli yığmasının üzvü olaraq "Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi olmuşam. Bu il isə yarışda Sakarya Böyük Şəhər Bələdiyyə komandasının general meneceri kimi fəaliyyət göstərirəm. İdmançılarımız yarışa hazırdır. Bu gün çətin mərhələ bizi gözləyir. Eyni zamanda, yarışın önəmli etaplarından biri olacaq. Çünki gözəl Gəncəmizdə start alıb, Göygöldə dağ finişi olacaq. Amma ən çətin mərhələ sabahdır. Bilirik ki, Qarabağımızın ürəyi Şuşaya qalxmaq şəhidlərimiz üçün necə çətin olub". Bu sözləri SİA-ya açıqlamasında ötən il "Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi olmuş Elçin Əsədov deyib.

Onun sözlərinə görə, idmançılar üçün də çox çətin olacaq: "Hesab edirəm ki, "Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibinin müəyyənləşəcəyi mərhələlər bu gün və sabah olacaq. Bütün komandalar da bunu bilir. Bütün yarışçıların hazırlığı yüksək səviyyədədir. Bizim də motivasiyamız çox yaxşıdır. Komandamızdan bir idmançı lider qrupundadır. Keçən il özüm qalib olduğum kimi, bu il də məşqçi kimi komandamın qalibiyyət əldə etməsinə çalışacam".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə