AKFA İdarə Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) İdarə Heyətinin növbəti iclası keçirilib. AKFA-dan SİA-ya verilən məlumata görə, assosiasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə baş tutan toplantıda rəsmilərlə yanaşı, quruma daxil olan federasiyaların rəhbərləri də iştirak ediblər.

İclasda əvvəlcə federasiyaların hesabatı dinlənilib və cari məsələlər müzakirə olunub. Federasiya rəhbərləri keçirilmiş yarışların səviyyəsi və təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, assosiasiya fəaliyyətini bərpa etdikdən sonra onun üzvü olan federasiyaların idmançıları bir sıra beynəlxalq və yerli yarışlarda uğurla çıxış ediblər.

7 federasiyanın daxil olduğu assosiasiya idmançılarla yanaşı, məşqçi-müəllimlər və hakimlərin sertifikasiyasına da diqqət yetirir. Yaxın zamanda assosiasiya Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə seminar, təlim və məşğələlərin təşkilini planlaşdırır. Eyni zamanda ilin sonuna kimi federasiyalarda fəaliyyət göstərən məşqçi-müəllimlərin siyahısı, onlar haqqında ətraflı məlumatlar vahid sistemdə cəmlənəcək.

İclasın sonunda yarışların təşkili və keçirilməsində göstərdiyi dəstəyə görə Zöhrab Məmmədov və Rafael Bünyatov assosiasiya tərəfindən təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə