Azərbaycanlı boksçu Kanadada növbəti döyüşə çıxacaq

Azərbaycanlı boksçu Kanadada növbəti döyüşə çıxacaq

Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları qələbələr, bayrağımızın dünya səviyyəli mötəbər yarışlarda göylərə qaldırılması, ölkəmizin adının aparıcı mətbuat səhifələrində hörmətlə anılması, həm də böyük siyasətin tərkib hissəsidir. İdman özü böyük bir siyasətdir. Zəfərlər və qələbələr siyasəti! Son illər ölkəmizdə idmana olan dövlət qayğısının güclənməsi, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları qələbələr Azərbaycanın dünya miqyasında aparıcı idman ölkəsi kimi müsbət imicinin daha da möhkəmlənməsi deməkdir. Təcrübəli, usta idmançılarımızın sayı artıqca idmanımızın şöhrəti də artır.

Ölkəmizə qələbə sevincləri bəxş edən daha bir idmançımız haqqında məlumat verəcəyik sizə. Söhbət Zamiq Atakişiyevdən gedir. 1986-cı ilin 28 iyun tarixində Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində dünyaya gələn Z. Atakişiyev kikboksinq idman növündə təcrübəli idmançı kimi tanınır. Dəfələrlə beynəlxalq yarışlarda uğur qazanmış, dövlət himnimizi səsləndirmiş, Azərbaycana qələbələr qazandırmış Z. Atakişiyev kikboksinq üzrə Avropa çempionudur. O professional idmanda 33 döyüş keçirib, 27 qələbə və cəmi 6 məğlubiyyətlə böyük nəticələrə imza atıb.

2016-cı ildən bəri professional boks idman növü ilə məşğul olan Z.Atakişiyev ağır sikletdə keçirdiyi 10 boks qarşılaşmasında 9 qələbə və cəmi 1 bərabərliklə uğurlu nəticə göstərib. Təcrübəli idmançımız iyun ayının 10-da Kanadada mühüm qarşılaşmaya çıxacaq. Onun budəfəki rəqibi dünya sıralamasında doqquzuncu yerə sahib olan Rayin Rozıckı olacaq. Saat 18:00-da baş tutacaq bu döyüş idmançımız üçün çox önəmlidir. Hər birimiz dəyərli idmançımıza uğurlar arzu edir, uzaq Kanadadan qələbə dolu uğurlar gözləyirik.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə