"Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışının açılışı olub - YENİLƏNİR-FOTOLAR

"Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışının açılışı olub - YENİLƏNİR-FOTOLAR

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verilir. SİA xəbər verir ki, 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan, Almaniya, Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliya klubları iştirak edirlər. Bu ölkələrdən Qazaxıstan və Almaniya iki klubla təmsil olunur. Ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.

Velotur Bakıdan start götürməklə mərhələlər üzrə ölkəmizin bir çox regionlarını əhatə edəcək. Yarışa Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilir. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. Daha sonra mükafatlandırma mərasimi baş tutacaq. Ardınca isə yarışın I mərhələsi ilə bağlı mətbuat konfransı keçiriləcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə