"İdmançılar var-gücü ilə dünya çempionatına hazırlaşır" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Ölkəmiz ilk dəfə atıcılıq idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək. Çempionatın açılış mərasimi avqustun 15-də “Baku Crystal Hall”da baş tutacaq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Onun sözlərinə görə, 2014-ci ildən ölkəmizdə mütəmadi olaraq atıcılıq idman növü üzrə dünya kuboku, Avropa çempionatı və bir sıra beynəlxalq yarışlar keçirilir: "Azərbaycanda yalnız dünya çempionatı təşkil olunmayıb. Ötən il ölkəmizdə keçirilən dünya kuboku yarışları zamanı bir çox komandalar bizə yaxınlaşaraq dünya çempionatının məhz Bakıda təşkil olunması barədə məsləhətlərini verirdilər. Bütün bunları nəzərə alaraq, dünya çempionatına ev sahibliyi etmək üçün beynəlxalq federasiyaya müraciət etdik. Bildiyiniz kimi, səsvermədə Braziliya ilə Azərbaycan arasında səs sayına görə çox az fərq var idi. Ancaq nəticədə Azərbaycan dünya çempionatına ev sahibliyi etmək hüququna sahib oldu".

Qurum rəsmisi bildirib ki, Azərbaycan Atıcılıq Federasiyası var gücü ilə dünya çempionatına hazırlaşır: "Yarışın açılış mərasimi möhtəşəm olacaq. Digər dünya çempionatlarının açılış mərasimlərindən fərqlənəcək. Çempionatda böyüklər arasında atıcılığın bütün növləri üzrə yarışlar keçiriləcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə