"Dünya çempionatına qədər hazırlıqlar bir neçə mərhələdən ibarət olacaq" - QURUM RƏSMİSİ AÇIQLADI
“Bildiyiniz kimi, aprel ayında Avropa çempionatı keçirildi. Baxmayaraq ki hələ dörd ay var, artıq may ayının əvvəllərindən dünya çempionatına hazırlıqlara başlamışıq. Çünki bu çox önəmli bir yarışdır. Dünya çempionatına qədər hazırlıqlar bir neçə mərhələdən ibarət olacaq. Sərbəst güləşçilərimiz birbaşa Şimali Osetiyanın paytaxtı Vladiqafqazda təlim-məşq toplanışına başladılar. Orada yerli komanda ilə məşqlər, həm fiziki, həm taktiki-texniki hazırlıqlar aparılır. Bunlar yarış üçün çox faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib.
Onun sözlərinə görə, iyun ayının 1-də komandamız Qırğızıstanın paytaxtı Bişkekə yola düşəcək: “Bişkekdə reytinq turniri olacaq və sərbəst güləşçilərimiz iştirak edəcək. Həmçinin, qadın güləşçilərimiz Jalə Əliyeva və Elis Manolova yarışacaq. Həm qadın güləşçilərimiz, həm də yunan-Roma güləşi üzrə komandamız mayın əvvəlindən Bakıda ilk təlim-məşq toplanışı keçdi. İlk mərhələ artıq yekunlaşdı və iyunun əvvəllərindən Göygöldə daha çox fiziki hazırlığı əhatə edən təlim-məşq toplanışı keçirəcəklər. 1-4 iyun tarixlərində Bişkekdə keçirilən reytinq turnirində yunan-Roma komandamız iştirak etmir. Onlar iyul ayında Macarıstanda keçiriləcək sonuncu reytinq turnirində iştirak edəcəklər”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, bu yarış yunan-Roma güləşi üzrə komandamız üçün dünya çempionatı qabağı son yarış olacaq: “Sərbəst və qadınlardan ibarət komandamızın isə Qırğızıstanda keçiriləcək yarışdan əlavə Polşada keçiriləcək beynəlxalq turnirdə də iştirakı nəzərdə tutulub. Yunan-Roma güləşi üzrə komandamız Macarıstandakı turnirdə iştirak etdikdən sonra təxmini 2 həftəlik bir müddətdə orada qalacaq və təlim-məşq toplanışı keçəcəklər. Digər komandalarımızın isə təlim-məşq planları daha sonra müəyyənləşəcək. Yəqin ki həm ölkədaxili, həm də ölkədənkənar toplanışlar nəzərdə tutulub. Ümumiyyətlə, federasiya olaraq əlimizdən gələni edirik ki, komandalarımız yarışlara maksimum səviyyədə hazırlaşsın. Çünki bu dünya çempionatı bizim üçün çox vacibdir. İlk lisenziya yarışımızdır. Olimpiya çəkilərində ilk beş yeri tutan güləşçilər olimpiadaya vəsiqə qazanacaq. Bizim də məqsədimiz mümkün qədər çox lisenziya əldə etməkdir. Bundan başqa bizi gələn il daha iki lisenziya turniri gözləyir. Amma biz çalışacağıq ki, həmin turnirlərə qədər artıq lisenziya problemini həll edək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB