Bu gündən anomal istilər başlayır. Bəs bu cür hava şəraiti idmançıların fiziki hazırlığına, eyni zamanda, psixologiyasına necə təsir göstərir? SİA mövzu ilə bağlı sorğu keçirib.
“Səbail” futbol komandasının baş məşqçisi Şahin Diniyev: "Əlbəttə ki, havanın dəyişməsi, anomal hava şəraiti nəinki idmançılara, ümumiyyətlə, hər bir insana təsiri göstərir. Biri var havanın tədricən, biri də var birdən-birə dəyişməsi. Təbii ki, bunun insan orqanizminə anatomik cəhətdən təsiri var. Hər bir insanın nəyəsə adaptasiya olmaq üçün zamana ehtiyacı var. Tutaq ki, insan dəniz səviyyəsindən yüksək ərazilərə gedəndə sanki boğulur. Məsələn, Bakıdan Şamaxı və ya Qəbələyə gedəndə belə, insan nəfəs ala bilmir. Meydançaya çıxan oyunçu ilk dəqiqələrdə nəfəs almaqda çətinlik çəkir. Ağciyər tutumunda problemlər yarandığı üçün qaçmaq da çətin olur. Bütün bunlar futbolçuların həm sürətinə, həm də dözümlülüyünə təsir edən şeylərdir. Bu səbəbdən futbolçular böyük iş həcmi də görə bilmir. Ona görə də istilərə, ümumilikdə hava şəraitinə adaptasiya olmaq üçün zamana ehtiyac var".
"İrəvan" İdman klubunun prezidenti Fəxri Cəfərov: "İsti havalarda idman zalları da kifayət qədər isti olur. Təbii ki, idmançılar da tərləyir və nəticədə ürək döyüntüləri də artır. Ona görə də, xüsusilə, azyaşlı idmançıları diqqətdə saxlayırıq. Eyni zamanda, isti havalarda idmançılar da halsız olur. Bəzən deyirlər ki, bu gün çox istidi istirahət edək, hava sərin olanda məşq edərik. Belə hallar baş verir. Amma gərək məşqçi nəzarət etsin. İsti havalara keçid etdiyimiz dönəmdə uşaqlar bir müddət çətinlik çəkirlər. Bu, onların psixologiyasına da təsir edir. Lakin istər çox isti, istərsə də çox soyuq olsun, əgər məqsəd zirvəyə çatmaqdırsa, idmançı bunun üçün dəridən-qabıqdan çıxacaq. Əsas istəkdir. Bizim məşqçi kimi vəzifəmiz isə idmançıların yüklənməməsi üçün onları nəzarətdə saxlamaqdır".
Yunan-Roma güləşçisi Rafiq Hüseynov: "Artıq isti havalar başlayır. Əlbəttə, isti havada məşq etmək çətin olur. Amma biz uzun illərdir ki, belə havalara adaptasiya olmuşuq. Anomal hava şəraitinin, yəni çox isti və ya çox soyuq olmasının bizim üçün heç bir fərqi yoxdur. Bu, psixologiyamıza təsir etmir. Eyni zamanda, bizim təlim-məşq bazamızda və zalımızda havalandırma sistemi var. Düşünürəm ki, açıq havada çox məşq etməsək, bu, bizə bir o qədər təsir etməyəcək. Belə havalarda idmançılara və ya idmanla məşğul olan həvəskarlara məsləhət görərdim ki, çoxlu maye qəbul etsinlər və çalışsınlar ki, günün isti vaxtlarında küçəyə çıxmasınlar".
Yunan-Roma güləşçisi Taleh Məmmədov: "Hələ ki, Bakıda məşq edirik. Bu, bir o qədər də çətin deyil. Amma gələn aydan artıq dünya çempionatına hazırlıqla bağlı hər gün 3 dəfə məşq etməliyik. Bildiyiniz kimi, biz yay aylarında paytaxtdan kənarda hazırlaşırıq. Belə hava şəraitində gündə 3 dəfə məşq etmək çox çətindir. Ona görə də gələn ayın 4-dən biz Göygöl rayonuna yola düşəcəyik. Orada hər gün 3 dəfə məşq edib daha sonra Macarıstanda təlim-məşq toplantısına yola düşəcəyik. Orada yarış baş tutacaq və geriyə yenə Göygöl və ya başqa bir sərin olan rayona yola düşüb hazırlığımızı davam etdirəcəyik. Sonra isə paytaxta qayıdıb çəkimizə nəzarət edəcəyik və Allahın izni ilə dünya çempionatına gedəcəyik".
Mingəçevir Futbol Klubunun futbolçusu Roman Hüseynov: "İsti hava həmişə çətin olur həm psixoloji, həm də fiziki baxımdan. Belə hava əslində, idmançı üçün əlverişli deyil. Futbolçular üçün indi çempionatın axırıdır. Hamı istirahətə hazırlaşır. Amma belə havalarda təlim-məşq toplanışı da çox çətin olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB