“Azərbaycan idmanının inkişafının təməli Ulu Öndər tərəfindən qoyulub” - MÜNASİBƏT BİLDİRİLDİ
"Bütün Azərbaycan vətəndaşlarının olduğu kimi, idman sahəsində çalışanlar da 2023-cü ilin Azərbaycan Prezidenti tərəfindən "Heydər Əliyev ili" elan olunmasını rəğbətlə qarşılayıb. Ulu Öndər Heydər Əliyev ölkənin bütün sahələrini yenidən hakimiyyətə gəlişindən sonra dirçəltdiyi kimi idmana da böyük töhfələr verib. Belə ki Azərbaycan idmanının dünyaya tanıtımı, bu sahənin prioritet istiqamət olaraq inkişaf etdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, məşqçi müəllimlərlə işin aparılması, Gənclər və İdman Nazirliyinin yaradılması, Milli Olimpiya Komitəsinin işinin gücləndirilməsi Ulu Öndərin idman sahəsinə verdiyi töhfələrin bir qismidir. Bildiyiniz kimi, Ümummilli Liderin hakimiyyətə yenidən gəlməsindən sonra bir çox idman mütəxəssisləri ölkəmizə qayıtmağa başladı. İdman infrastrukturunda canlanma ilə yanaşı, eyni zamanda çoxşaxəlilik, federasiyaların açılması, klubların artması, beynəlxalq yarışların Azərbaycana həvalə edilməsi prosesi başlandı. Bununla da istər olimpiya, istərsə də qeyri-olimpiya idman növlərinə yeni nəfəs verildi". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, məşqçilərin, idmançıların, o cümlədən veteran idmançıların sosial problemlərinin həlli, onların maddi rifahının yaxşılaşdırılması, idmanın dəbli bir sahəyə çevrilməsi Ulu Öndərin idman sahəsində gördüyü xüsusi işlərdəndir: "Yeni normativ hüquqi sənədlər, qanunvericilikdə idman siyasətini özündə ehtiva edən sənədlər hazırlandı. Bütün bunlar Heydər Əliyev dövründə ərsəyə gəlmiş və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycan idman sahəsində mütəxəssislər formalaşdıraraq artıq ölkə hüdudlarından kənarda da beynəlxalq federasiyalara rəhbərlik edir. Bu il "Heydər Əliyev ili" çərçivəsində keçirilən tədbirlər məhz onun xatirəsinə hörmət və ehtiramın əyani sübutudur. İşğaldan azad olunmuş ərazilərimizdə avarçəkmə üzrə turnir, veloyürüşün və velosiped yarışının təşkili, beynəlxalq güləş, boks, gimnastika turnirlərinin, cüdo yarışlarının keçirilməsi bugünkü gündə Azərbaycan idmanının gücünün bariz nümunəsidir".
Raqif Abbasov sözlərinə davam edərək bildirib ki, birmənalı olaraq Azərbaycan idmanının inkişafının təməli Ulu Öndər tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir: "Ümummilli Liderin idmana aid dediyi kəlamlar da bizim həyat prinsiplərimizdir. Belə ki idman dövlət rəmzlərini nümayiş etdirən bir sahədir. Azərbaycan gəncliyi dövlətimizi ləyaqətlə təmsil edərək üçrəngli, ay-ulduzlu bayrağımızın dünyanın dörd bir yerində dalğalanması üçün əlindən gələni edir".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB