Bakıda keçirilən beynəlxalq boks turnirinin açılış mərasimi olub

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Boks Mərkəzində baş tutan tədbirdən əvvəl Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər xiyabanını və türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Açılış mərasimi iştirakçı ölkələrin və hakimlərin paradı ilə başlayıb. Ardınca çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu, Novruz bayramından sonra Azərbaycanda ilk beynəlxalq yarışdır: “Ölkəmizdə beynəlxalq turnirlərin sayı ildən-ilə artır. Bu, növbəti yarışımızdır. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bu turnirlərin təşkilində dövlətin də əməyi var. Ölkəmizdə idmana xüsusi dövlət qayğısı göstərilir. Azərbaycan Prezidenti idmançılarımızı daim diqqətdə saxlayır. Boksçularımıza uğurlar arzulayıram”.

Ardınca mərasimdə çıxış edən ABF-nin prezidenti Sahil Babayev Azərbaycanda beynəlxalq turnirlərin keçirilməsinin ənənə halını aldığını vurğulayıb. O bildirib ki, bu yarışın ən böyük əhəmiyyəti onun Ümummilli Lider Heydər Əliyevin adını daşımasıdır: “Yarışda 11 ölkədən 100-dən artıq boksçu, 10-larla hakim iştirak edir. Belə mötəbər turnirin keçirilməsi ilk növbədə ölkə başçımızın həyata keçirdiyi idman siyasətinin, Azərbaycanın böyük nüfuzunun göstəricisidir. Bütün boksçularımıza uğurlar arzulayıram. Bugünkü yeniyetmə idmançılarımızın gələcək uğurlarına inanıram. Hər biri gələcəyin dünya, olimpiya çempionu ola bilər. İnanıram ki, biz birlikdə çox uğurlar əldə edəcəyik”.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra federasiya rəhbəri yarışı açıq elan edib.

Qeyd edək ki, bu gün start götürən turnir aprelin 1-də başa çatacaq. 100-dən artıq boksçu 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə