KÜNCDƏN ZƏRBƏ! AFFA-nın “yuyulan” milyonları və qapımıza vurulan 9 qolll!!!

Yenə rəzil olduq milli komanda olaraq bütün dünyada. Əvvəlcə Avstriyada, indi də İsveçrədə. İki qarşılaşmada düz 9 qol buraxdıq qapımızdan. Özü də birini özümüz öz qapımıza “siftə” elədik. Belə “siftələrdə” bizə çatan olmaz. Nə antirekord var bizim alnımıza yazılıb inan. Açıq yazıram: Dövlət olaraq, ölkə olaraq qazandığımız tarixi qələbələrimizi AFFA puç edir və futbol millimizin timsalında yerə vurmaqla məşğuldur. Bu milli komandamız qələbələrimizi artıq dünya mediasında da əleyhimizə çevrilməkdədir. Hər qarşılaşmadan sonra Azərbaycan millisinin “qapazaltı” komanda imici ilə xəbər lentlərində sıralanması ən böyük informasiya zərbəsidir. İnformasiya müharibəsində AFFA bizim əsl başağrımıza çevrilib. Yalan yazıram? - qətiyyən!

Futbol millimiz artıq neçə onilliklərdir ki, bizim milli reputasiyamızı aşağılamaqla məşğuldur. Bu milli komandaya dünyada məşqçi qalmadı gətirməsinlər. Braziliyadan başlamış Almaniyadan, Afrika yarımadasından küçədə kimi tuturlarsa məşqçi, futbolçu adı ilə Bakıya gətirirlər. İnanın bütün dünya mediasında Azərbaycan millisi artıq lağlağı hədəfinə çevrilib. Dəxli oldu-olmadı, məşqçi, futbolçu adı ilə yüz kilometr uzaqdan əlaqəsi olmayanlar belə Azərbaycan millisinə çağırılır. Sanki milli komandamız əcnəbi zibilliyi üçün baza rolunu oynayır. Yalanmı deyirəm? - qəti!

Ölkə rəhbərliyi idmanın inkişafı üçün heç bir ölkədə rast gəlinməyən qədər geniş imkanlar açıb. Amma əvəzində futbolumuzu idarə edənlər bu idman sahəsini rəzalət günə qoymaqdan çəkinmədilər on illərdir. Azərbaycanda gələcək futbolçu bazası yaratmaq, istedadlı uşaqların axtarılıb tapılması, bölgələrdə futbola marağı yüksəltmək üçün milyonlarla manat vəsaitlər xərcləndi, futbol meydançaları salındı, büdcədən milyonlar xərcləndi. Nəticə? - HEÇ NƏ! Azərbaycanda dağın başında qoyun-quzu otaran körpə çoban da bilir ki, əcnəbi “məşqçiləri” Bakıya gətirmək ən əvvəl “yuyulan” milyonlar deməkdir. 2004-cü ildən Karlos Alberto Torreslə başlayan ilk əcnəbi məşqçi təyinatı bu gün italyan Cianni De Byazi ilə davam edir. Bu neçə əcnəbi ilə bağlanan qaranlıq müqavilələr və “yuyulan” milyonlar sonda iki qarşılaşmada qapımıza vurulan 9 qol ilə sonunclandı...

Adamdan soruşarlar bu boyda ölkədə milli komandanı idarə etmək üçün məşqçi tapılmadımı ki, gedib ancaq əcnəbilərə “elçi” düşürsünüz? Nədən bu italyanlara, braziliyalılara nə bilim kimlərə-kimlərə göstərdiyiniz “səbri” öz məşqçilərimizə göstərmirsiniz? 0:5 uduzmaqdırsa, onda elə özümüzünkü ilə uduzaq da. İtalyanla uduzanda, özümüz öz qapımıza qol vuranda bəyəm ayrı ləzzətli olur ki? Nədən Qurban Qurbanova bu səbri göstərmədiniz, nədən imkan vermədiniz milli komandanı formalaşdırsın, klublarda işləsin, oyun sistemi qurulsun?

Tərlan Əhmədov, Əsgər Abdullayev, Qurban Qurbanov, eləcə də yeni yetişən gənc məşqçilərimiz. Bunları qoyub Braziliyanın, İtaliyanın, bir azdan Afrika ölkələrinin küçələrində məşqçi axtarmağa nə məcburiyyət var? Bir yaxın dostumuz var, Braziliyaya səfərlər edib dəfələrlə. Adam ciddi-ciddi deyir ki, orada küçədə “top qovanları” Bakıya daşıyırlar. Yəni bura gətirilənlər orada küçədə ayaqyalın “futbol oynayanlardır”. Acıdır bu faktlar, amma reallıqdır...

Milli komanda həm də klublarımızın hazırkı acınacaqlı futbolçu heyətinin PASPORTUDUR! On illərdir milli komandaya “tapşırıqla”, telefon zəngləri ilə futbolçu seçimi olur. Özü də bu barədə məlumatlar hər zaman mətbuatda eninə-boyuna işıqlandırılır. Boş yerdən olmur belə çoxlu xəbərlər. Hər şeyin mütləq ki, bir səbəbi var. Beləcə, on illiklərdir ki, futbolun inkişafı üçün ayrılan milyon-milyon pullar Bakı küləyində uçub gedib işinin dalınca. Yerdə qalan NƏTİCƏ isə, bu gün qapımıza vurulan 9 QOLDUR!

PS. Bu biabırçılıqdan hər kəs cana doyub, bəlkə AFFA rəhbərliyi də dedi-qodunu, qohumbazlığı, intriqaları, qisasçılıq hissini kənara qoyub həqiqi futbolla məşğul olsun...

V.Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə