“Tottenhem” Mançester Siti”ni minimal hesabla yenib

İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Tottenhem” evdə “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, matç Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.

Matçın yeganə qolunu 15-ci dəqiqədə “Tottenhem”in hücumçusu Harri Keyn vurub. Ona dəqiq ötürməni Pyer-Emil Hoybyerq verib. Meydan sahibləri matçı azlıqda bitiriblər. Belə ki, Kristian Romero 87-ci dəqiqədə oyundan qovulub.

Matçı Endi Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın 2022/2023 mövsümünün turnir cədvəlində 21 oyundan sonra 45 xalla ikincidir. “Tottenhem” 22 oyundan sonra 39 xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə Londonun “Arsenal” klubu başçılıq edir. “Topçular”ın aktivində 50 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə