İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi - ŞƏRH
8 Noyabr-Qürur tariximizdir.
8 Noyabr-İllərlə həsrətini çəkdiyimiz torpaqlara qayıdışımızın hayqırtısıdır.
8 Noyabr-Ağbirçək, ağsaqqallarımızın əliyalın, qucağında körpə olan bizlərlə çıxdığı torpaqlara bizim şanlı, müqəddəs üçrəngli bayrağımız sancılan tanklarla, qüdrətli, yenilməz ordunun əsgəri olaraq döndüyümüz gündür.
8 Noyabr Azərbaycan xalqının Zəfər günüdür!
Artıq o möhtəşəm, vüqarlı, eyni zamanda həyəcanlı anlar yaşadığımız 44 gündən iki il ötsə də bizlər hələ də o qürurlu 44 günün sehrindən ayrıla bilmirik. Axı bu sehr bizim qəlbimizindən necə silinə bilər?!
Cənab Prezidentin həyəcanla gözlədiyimiz çıxışları, əlini yumruqtək havaya qaldırıb, gözlərində sevincin atəşi ilə qəhrəman ordumuzun işğalçılardan azad etdiyi rayonların adlarını çəkməsi, millətimizin həsrətin sona yetdiyinin işarəsi olan göz yaşları, şəhid olmuş balasının tabutuna üzündə kədər, gözündən axan yaşı silə-silə başını qürurla qaldırıb "Vətən sağ olsun!" sözünü deyən şəhid atalarını, balasının tabutunu çiyninə qaldırıb vətənin azadlığı uğrunda canını fəda etmiş şəhid anasının məğrur yerişlərini necə unutmaq olar?!
Ordusunu hər bir ehtiyacını təmin edən dövlətimizlə bərabər millətimizin orduya yardım üçün biri-biri ilə sanki "mübarizə aparmasını", hamının qəlbinin ordunun addımları ilə döyünməsini unutmaq mümkün deyil. Biz ordusu olan xalq deyilik. Biz milləti ordu olan xalqıq!
Biz nə gözəl xalqıq!
Nə xoş halımıza ki, belə qüdrətli dövlətimiz var!
Xoşbəxt millətik ki, vətənini sevən məğlubedilməz, qorxubilməz ordumuz var!
Xoşbəxt millətik ki, vətənini dərin məhəbbətlə sevən, sadəcə düşmənlə deyil, kənardan gələn hər bir təzyiqə sinə gələn, siyasət elminin mahir bilicisi Müzəffər Ali Baş Komandanımız var!
Unudulmaz Zəfər günü bu il Qarabağımızın incisi olan Şuşamızda da qeyd edildi. Cənab Prezident İlham Əliyev məhz Şuşadan xalqımızı salamladı, bayramımızı təbrik etdi. Ölkə baçşısı Zəfər günü münasibətilə Şuşa şəhərindəki çıxışında bir sıra məqamlara da aydınlıq gətirdi.
İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsinin millətimiz üçün əhəmiyyətindən bəhs etdi. O bildirdi ki: "- Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər." Müzəffər Ali Baş Komandan şəhəırin azad edilməsinin müharibənin taleyini həll etdiyini vurğuladı: " Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir".
Cənab Prezident 44 günlük müharibədəuöurlu olmağımızın səbəblərinə də toxundu. O Azərbaycan gəncliyində yüksək vətənpərvərliyin olduğunu, ölkəmizin güclü iqtisadiyyatının, ordumuzun maddi-texniki və fiziki hazırlıq cəhətdən yüksək formada olduğunu, xalqımızın birliyinin, dövlətin düzgün siyasəti nəticəsində yaranmış daxili sabitliyin müharibədəki uğurumuzun açarı olduğunu nitqində aydın şəkildə bəyan etdi.
Müzəffər Ali Baş Komandan I Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərinə aydınlıq gətirərkən: " Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz.
İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz;"-deyə qeyd etdi. “I Qarabağ müharibəsindəki məğlubiyyət xalqımız üçün çox sarsıdıcı idi. Məğlubiyyətin səbəblərinə baxdıqda ən diqqətçəkici məqam ölkənin rəhbərliyində olanların antimilli ünsür olduqları açıq-aşkar görünür: "Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər".
Bununla yanaşı I Qarabağ müharibəsindəki mğlubiyyətdən danışarkən prezidentimizin nitqində yer verdiyi güclü iqtisadiyyat anlayışına da diqqət etməliyik: "Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir".
Müharibədən çıxmış ölkə olmağımıza rəğmən Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf edir, çiçəklənir. "Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Müharibədən ötən iki il ərzində işğaldsn azad olunmuş ərazilərimizdə quruculuq işləri aparılır. İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq.
Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün Azərbaycanın təşəbbüsü ilə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib"-deyə dövlət baçşısı çıxışı zamanı qeyd edib.
Zəfər günündəki çıxışında Müzəffər Ali Baş Komandan ölkəmizin Avropa ölkələri, beynəlxalq təşkilatlarla etdiyimiz əməkdaşlıqlar haqqında da xalqımıza geniş informasiya verib:
"Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür.
Paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq."-deyə vurğulayıb.
Kapitulyasiya aktını imzalayan Ermənistanın üzərinə götürdüyü öhdəliklərə laqeyd yanaşmasını, Zəngəzur dəhlizini açmamasına da dövlət başçısı münasibət bildirib. O, ordumuzun Laçın dəhlizi boyunca hərəkət edən maşınlara toxunmadığını, Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, lakin qarşı tərəfin heç bir addım atmadığını, bu işə məsuliyyətsiz yanaşdığını bildirib.
Məscidləri dağıdan Ermənistanın müsəlman dövlətləri ilə dostluq etmək arzusunun da mümkünsüzlüyünü vurğulayıb. Çünki məscidləri dağıtmaq təkcə Azərbaycana qarşı atılmış səhv addım deyil. Bu bütün müsəlman ölkələrinə qarşı Ermənistanın apardığı təcavüzkar siyasətidir.
Ermənistanın 13-14 senyabr tarixlərində hərbi təxribatı isə yenə də Ermənistan hökumətinin növbəti səhv addımı idi ki, bunun nəticəsində Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşdi.
Ölkə başçısı çıxışında erməni xalqına da səsləndi: " Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq".
44 günlük müharibənin memarı, Ali Baş Komandan İlham Əliyev bir daha mədəniyyət beşiyimiz, xarıbülbülün vətənindən bütün dünyaya səsləndi və söylədi:
"Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik!"
Göz yaşları içində izlədiyim bu çıxışa dair məqaləmə sadəcə tək bir sonluq yaraşır:
- Zəfərin mübarək, AZƏRBAYCAN!
Sara Quliyeva-Hüseynova
Xəzər rayonu, 125 N-li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB