Şəhidlik zirvəsinə aparan yol ŞƏHİD

Şəhidlik zirvəsinə aparan yol ŞƏHİD

Bir xalqın, bir millətin vətən oğullarının torpağa can fəda etməsi. Vətəni öz canından əziz tutanlar düşünmədən od-alov içinə atılırlar. Od püskürən müharibə alovuna. Neçə-neçə arzular qoynunda Vətən sevgisini ən yüksəkdə tutmaq aşiqliqdir, Vətənə sevgidir. İllərdir ki, xalqımız düşmənin iyrənc əməllərindən terror aktlarından əziyyət çəksə də məğrurdur, yenilməzdir. Çünki onu dünyaya gətirən Ana vüqarlıdır, torpağı əzəmətlidir. Erməni anası kimi övladını qisasla böyüdən ana yox, əqidəsi, gücü ilə dünyaya səs sala biləcək oğul böyüdüb. Qalx, ayağa, Azərbaycan! - deyəndə bir nəfər kimi uşaqdan böyüyə qədər hər kəs ayağa qalxıb. 30 ilə yaxın işğal dövründə Azərbaycan hər zaman bu qisası almağa, ucadan-uca üçrəngli qürurlu, əzəmətli Azərbaycan Bayrağını vətən torpağı üzərində məğrur-məğrur dalğalanacağı günün lap yaxında olduğunu yaxşı bilirdi. Vətən torpağına axıdılan şəhid qanının, qoca, qadın və uşaqların qışın sərt sızağında, yayın istisində el-obasından didərgin düşməsinin qisasının alınacağı günü səbirsizliklə gözləyirdi igid oğullarımız. Zaman yetişdi. Torpaq nəfəs aldı şəhid qanı ilə, sanki rahatlığına qovuşdu. Bu gün onların hər birinin həyat yolu bizlərə, yetişəcək gələcək nəsillərə bir nümunəvi məktəbdir, ərənlik, kişilik məktəbi. Elə haqqında söhbət açacağımız Azərbaycanın şəhid oğlu Kamran Quliyev Dadaş oğlunun vətənpərvərlik, qeyrət simvoluna çevrilən bir ömür yolu kimi. Vətən ucalığı, vətən sevgisi bir oğulun da ömür yolunu yarımçıq qoysa da ona əbədi yaşamaq hüququnu verdi. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı Kamran. Üçrəngli bayrağımızın uca tutulması onun müqəddəs amalı idi.

Əfsanələşən bir ömür payı. Bu Kamrana da nəsib oldu. Çox ağır və qürurludur şəhid oğullardan yazmaq. Bəzən düşünürsən ki. birdən hansısa bir fikri onun ünvanına söyləyərkən qəhrəman oğullarımızın hünərini, vətənpərvərlik duyğularını lazımı şəkildə ifadə edə bilməzsən. Belə insanların ömür yolundan yazmaq şərəfdir. Qəhrəmanlıq zirvəsinə yüksələn Quliyev Kamran Dadaş oğlu zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı. Hamı kimi uşaqlıq illərini yaşadı. 1992-ci ilin 11 may tarixində Salyan rayonunda dünya gəldi. Şuşanın işğalından üç gün sonra. Azərbaycanda hadisələrin gərgin olan bir dövründə. Ermənilər ötən əsrin 90-cı illərin əvvəllərində dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımızı işğal etdi.Əlbəttə ki, körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Kamranın da ana laylasından, ana südündan vətənə sevgi bütün varlığına hopur. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərləri kiçik yaşlarından əxz olunur. Məktəb yaşına çatanda bütün yaşıdları kimi, birinci sinfə gedir. Salyan rayon 7 №li tam orta məktəbdə təhsil alır. Parta arxasında olduğu illərdə qisası qiyamətə qoymamaq kimi fikri vətənsevər oğullar kimi onun da ruhi, əqli, mənəvi dünyasına hakim olur. Amma bilmirdi ki, zaman yetişəcək o, bir evin, bir ailənin yox, Azərbaycan dünyasının övladına çevriləcək. Onun haqqında yazılacaq yazılarda igidlik, qəhrəmanlıq şücaətindən söz açılacaq. 2011-ci ildə əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində başa vursa da, elə həmin ildən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 28 illik ömür yolunda o da çoxları kimi düşməndən intiqam almaq hissi ilə yaşayır. Ali Baş Komandanın əmrini gözləyirdi ki, düşmənə dərsini versin. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da mürahibəyə yola düşür. Düşmənin ağır itkilərə məruz qoyulmasında onun da pay var. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edib. Füzuli istiqamətində aparılan döyüşlərdə şəhid olur. 6 oktyabr 2020-ci il tarixində onun ön cəbhədə son döyüşü olur. Kamran torpaqlarımızın işğalçılardan azad olunması yolunda şəhid olur.

Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğullarının cəsarətini, qəhrəmanlığını göstərən şəhid olullarımız sırasında bu gün Quliyev Kamran Dadaş oğlunun da adı var. Fəxarətimiz olan Şəhidlər. Sizlər, Quliyev Kamran Dadaş oğlu elə bir abidə yaratmısınız ki, kimsə buna toxuna bilməz. Torpaq yolunda Şəhidlik hər kəsə nəsib olmur. Əlbəttə ki, Kamranı yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu şəhidlik zirvəsinə yüksəltdi. Azərbaycan xalqı ermənilərə dərs verdi. Qəhrəmanlıq hər kəsə nəsib olmur, torpaq yolunda Şəhidlik də hər kəsə nəsib olmur. Bu adları Azərbaycan torpağının yetirdiyi oğullarımız qazandı. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı, bizim şəhid Kamran. Bu gün onun ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəsini verərkən şəhidlərimizin ruhu şad oldu, onların qisası alındı. Vətən ərazisi, sərhədləri bəlli müqəddəs məkandır. Tarix boyu yadelli işğalçıların, imperiyanın, erməni daşnaqlarının hücumuna məruz qalsa da məğrur dayanıb. Bu gün də Azərbaycanın mərd oğulları Azərbaycan ordusunun əzmini ermənilərə göstərdi. Azərbaycan ordusu mərdi-mərdanə döyüşərək, düşməndən işğalda olan torpaqlarımızı azad etdi. Yağı düşmənlərimizə qarşı vuruşan oğullarımız üçrəngli – ay ulduzlu bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdılar. Bu gün Kamranın iki övladı onun ocağında böyüyür: Tunar və Ümid. Vətən üçün əmanətdir bu oğullar. Ordumuzun düşməni necə məhv etməsi haqqqında kitablardan oxuyacaqlar, çəkilən filmlərə baxacaqlar. Azərbaycan əsgərinin işğaldan azad olan torpaqlarımaza üçrəngli müqqəddəs bayrağımızın necə sancmalarını görəcəklər. Onda atalarının müqqəddəs bir iş üçün şəhid olduğunu daha dərindən anlayacaqlar. Azad ölkədə böyüyüb boya-başa çatacaqlar. Bu torpaq hamınındır, hər bir Azərbaycanlınındır. Qorumaq, müdafisində durmaq hər birimizin məsuliyyətidir. Tökülən qanlar həsrətdən cadar-cadar olmuş Qarabağ torpağını bizlərə qovuşdurdu. O yerlərə dönürük. Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə