“Eyni taleyin iki qurbanı” - ŞƏRH

“Eyni taleyin iki qurbanı” - ŞƏRH

Əlcəzair Xalq Demokratik Respublikası Şimali Afrikada yerləşən Əlcəzair coğrafi baxımdan Məğrib ölkəsi hesab olunur. Ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Diplomatik nümayəndəliklərin fəaliyyəti Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir.

2022-ci il Noyabrın 1-2-də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi etdi. Sonuncu dəfə liqanın sammiti bu ölkədə 2005-ci il martın 22-23-də keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir. Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü) və neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır.

Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. İnqilaba başçılıq edən Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb.

Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub. Diplomatik nümayəndəliklərin fəaliyyəti Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi açılıb.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadənin rəhbərliyi ilə Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr dahada genişlənəcək, iki ölkə arasında bu vaxtadək 5 sənəd imzalanıb, 7 sənədə baxılmaqdadır.

BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi. İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.


Zenfira Babayeva
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə