Region gəncləri böyük qələbəmizin ikinci ilini qeyd ediblər

Region gəncləri böyük qələbəmizin ikinci ilini qeyd ediblər

Azərbaycan xalqının qüdrəti və milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qarabağda qazanılan qələbəmizin ikinci ildönümünü region gəncləri də böyük sevinclə qeyd ediblər.

SİA xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin bildiriblər ki, Mərkəzin respublikamızın 55 şəhər və rayonunda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə tarixi zəfərimizə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilib. Tədbirlər yürüşlərlə başlayıb. Gənclər Ulu Öndər Heydər Əliyevin rayonlardakı abidəsi, Bayraq meydanları, Şəhidlər xiyabanına yürüş ediblər.

Sonra 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərini böyük qürur hissə ilə anaraq, məzarları önünə gül dəstələri düzüblər.

8 Noyabr – Zəfər Günü münasibətilə tarixçilər, Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil edilib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun igidliklə döyüşərək, şanlı qələbəni şərtləndirmələrindən söhbət açılıb.

Bundan başqa, bölgələrdə böyük zəfərimizə həsr edilmiş rəsm sərgisi, ekoloji və sosial aksiyalar keçirilib, şeir müsabiqələri, intellektual və hərbi yarışlar, veloyürüşlər təşkil edilib. Gənclər arasında intellektual yarışlar keçirilib və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Mərkəzlərdə zəfər xatirələrinə həsr edilmiş “Şuşa, sən azadsan!”, “Biz”, “Görünməyən qəhrəmanlar”, “Böyük zəfər”, “Zəfər səsi” filmləri nümayiş olunub. Həmçinin 100-lərlə gəncin iştirakı ilə “Şuşa”, “Zəfər”, “Qarabağ Azərbaycandır” fleşmobu keçirilib. Gənclər bir araya gələrək yazıların qurulmasında iştirak ediblər.

Regionlarda konsert proqramları təşkil edilib. Gənclər vətənpərvərlik ruhunda musiqilər və müxtəlif rəqslərlə çıxış ediblər.

Azərbaycan gəncləri qalib ölkənin gəncləridir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində gənclərimiz artıq qalib xalqın nümayəndələri kimi böyüyəcəklər və bunun böyük mənəvi və psixoloji mənasının olduğunu bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə