“Zəfər sədası” adlı musiqi festivalının növbəti ünvanı Ağdam olub

“Zəfər sədası” adlı musiqi festivalının növbəti ünvanı Ağdam olub

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin “Zəfər sədası” adlı musiqi festivalının növbəti ünvanı Ağdam rayonu olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi Ağdam Muğam Mərkəzində keçirilən konsertdə şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş bəhs ediblər.

Sonra tədbirin bədii hissəsi başlayıb. Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin solistləri Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, Beynəlxalq və Respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Taleh Yahyayev və Səbinə Allahverdiyevanın ifasında bayram ab-havalı bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə