Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur

Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur

8 Noyabr – Zəfər Günü ərəfəsində Ağcabədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri ziyarət olunur, qəhrəmanlarımız ehtiramla anılır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşlər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi polkovnik-leytenant Qabil Rzayev Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb. Vətən müharibəsində şanlı Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində qazanıldığını bildirib.

GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək, xalqımızın şəhidlərin xatirəsini daim uca tutacağını diqqətə çatdırıb.

Şəhid ailələri onlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Şəhid ailələrinə bayram sovqatları çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə