Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. SİA Zəfər bayramının ikinci ilində şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb.
Paytaxt sakini Arzu Qurbanlı: "8 noyabr tarixi neçə ildir gözlədiyimiz, həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad olunduğu tarixdir. Bu Zəfəri tarixə biz öz qanlarımızla həkk etdik. Ermənilərin Azərbaycan xalqına qarşı etdikləri terrorlar göz qabağındadır. Onlar nə qədər çalışsalar da bizim içimizdəki Vətən, torpaq eşqini söndürə bilmədilər və söndürə bilməyəcəklər."
Şəhər sakini Həşim Səhrablı: "Zəfər günü Azərbaycanın siyasi tarixinin ən möhtəbər, ən önəmli günlərindən biridir. Çünki bu günü biz həqiqətən 30 ilə yaxın idi ki, gözləyirdik və artıq 30 ilə yaxın işğal bitmiş və Azərbaycan öz suverenliyini bərpa etmişdi. Ona görə 10 noyabr-Zəfər Bayramı gününü Azərbaycan tarixinin ən əsas günlərindən biri hesab edirəm. Arzu edirəm ki, Azərbaycanımızın başındakı o qara buludlar çəkilsin və bir daha hər hansı bir təcavuz və ya işğalla qarşılaşmayaq. Bütün xalqımızı Zəfər Bayramı münasibəti ilə təbrik edirəm."
Şəhər sakini Əlizamin Əzimov: "Zəfər bayramı mənim üçün iki qat sevincdir. Onu qeyd edim ki mən özüm Qarabağlıyam və çox sevinirəm ki mənim anadan olduğum Füzuli rayonu da işğaldan azad olub. 44 günlük Vətən müharibəsində şəhid olan qardaşlarımızın qarşısında baş əyirəm, qazilərimizə isə can sağlığı arzu edirəm. Zəfər bayramı bizim necə deyərlər 2020-ci ildə xalqımız üçün biraz durğunluq var idi və şəhidlərimizə hörmət olaraq biz bu bayramı sakit qeyd etməyə çalışırdıq. Lakin 2020-ci ildən sonra bu tamami ilə dəyişdi insanlarımız alnı açıq və qürurlu bir şəkildə bu bayramı qeyd edirlər. Bunun da başlıca səbəbi cənab Prezident İlham Əliyevin hər zaman biz xalqın yanında möhkəm iradə ilə durması, şəhid və qazi ailələrinə yardım göstərməsi bizi çox sevindirir və qürurlandırır. Mən bir daha bütün xalqımızı Zəfər bayramı münasibəti ilə bağlı təbrik edirəm."
Şəhər sakini Ziyafət Yaqubzadə: "Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başlamışdır. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun qəsəbə və kəndləri Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də 28 illik həsrətimizdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyəti olan Şuşa şəhəri işğaldan azad edilmişdir və həmin gün Zəfər günü olaraq qeydə alınmışdır.
Zəfər günü ilə bağlı bütün Azərbaycan xalqını təbrik edirəm. Dostum şəhid Akşin Novruzovun və bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə təşəkkür edirəm."
Şəhər sakini Ayxan Kərimli: "Zəfər bayramı xalqımız kimi mənim üçün də çox əlamətdar gündür. Çünki, məndə bir video-operator kimi istər döyüşlər zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğal olunmuş ərazilərimizdə çəkilişlər aparmış və videoreportajlar hazırlayaraq xalqımıza çatdırmışam. Mən çox yaxşı xatırlayıram ki, 8 noyabr 2020-ci ildə cənab Ali Baş komandanımız İlham Əliyev xalqımıza Şuşanın azad olunduğu xəbərini verərkən xalqımızın sevincini görür və bu hadisəni lentə alaraq tarixi hadisəni ölümsüzləşdirirdim."
Şəhər sakini Fidan Allahverdili: "Hər bir azərbaycanlı kimi mən də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan 44 günlük Zəfər tariximizin şanlı səhifələrini xatırladıqca xalqımızın göstərdiyi “dəmir yumruq” kimi birlik və mərdliklə, əsgərlərimizin şücaəti ilə qürur duyuram. 44 gün ərzində illərlə qəlbimizdə böyüyən həsrətə son qoyuldu və sanki bir rahatlıq, gümrahlıq tapdıq. Tarixi Zəfərimiz nəinki qarşı tərəfə, həmçinin bütün dünya ölkələrinə Azərbaycanın əsl gücünü göstərdi. Tarixi ədalət bərpa olundu. Heç bir müharibə itkisiz olmur, bu fəxr dolu səhifələr şəhidlərimizin qanı bahasına yazıldığı üçün qəhərlənsəm də, onların Vətən sevgisi ilə göstərdikləri igidliyə heyran qalıram. Bu gün biz – gənclər şəhid bacı və qardaşlarımızın bizə əmanət etdiyi Vətənə və onun doğma hissəsi olan Qarabağa gözümüz kimi baxmalı, bir Azərbaycan gənci olaraq ölkəmizi hər sahədə layiqincə təmsil etməli, öz üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB