Azərbaycan qanunvericiliyində insanların geyimi ilə bağlı hər hansı bir qadağa var? - VƏKİL AÇIQLADI

Azərbaycan qanunvericiliyində insanların geyimi ilə bağlı hər hansı bir qadağa var? - VƏKİL AÇIQLADI

"Bu məsələ ilə bağlı əvvəlcə onu qeyd etməliyəm ki, müxtəlif xəbər saytları və informasiya agentliklərinin verdiyi məlumata görə, Cənubi Koreyada "Ədəbsiz geyimlər haqqında" qanun qəbul olunub. Bu qanuna əsasən, qısa ətək və diğər açıq-saçıq geyimə görə Koreya polisi qadınları 45 dollar məbləğində cərimə edə bilər". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Fransada Luvr muzeyinə çimərlik, sinəsi və ayaqları açıq olan insanları buraxmaq qadağandır: "Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında “dress kod” deyilən geyim qaydaları müəyyən olunur. Türkiyədə isə bu barədə xüsusi qanun var. Ancaq Azərbaycanda qanunvericilik bu məsələni tənzimləmir və bu barədə hər hansı qanun qəbul edilməmişdir. Lakin hər bir şirkət və ya dövlət orqanı sərbəst iradə ifadəsi əsasında öz işçiləri üçün müəyyən geyim qaydaları müəyyən edə bilər və dress kod qaydalarını yalnız öz işçilərinə münasibətdə tətbiq edə bilər".

Turan Abdullazadə sözlərinə belə davam edib: "Beləliklə, əgər bu məsələ qanunla tənzimlənmirsə, notariat kontorunun və ya hər hansı bir dövlət orqanının hamılıqla qəbul olunan formada qısa şort geyindiyinə görə öz işçisi olmayan vətəndaşı ora buraxmamaq hüququ yoxdur. Hesab edirəm ki, bu azadlığın məhdudlaşdırılması və insan hüquqlarının kobud pozuntusudur.

Fikrimcə, qanunvericilikdə nəzərdə tutulmamışdırsa cəmiyyətin və ya hər hansı dövlət orqanlarının başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur. Ancaq bütün bunların fonunda nəzərdə alınmalıdır ki, vətəndaşlar da öz növbəsində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən çəkinməli və digər şəxslərdə ikrah hissi oyatmamalıdırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə