Yevlaxda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Zəfər Günü ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə B.Səfəroğlu adına Xalq Teatrının binasında Baş nazir Əli Əsədovun müvafiq sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medalların təqdimatı mərasimi keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, bir sıra idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə tariximizin ən parlaq səhifəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Eyni zamanda, bu möhtəşəm Zəfər Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələndi. Şəhidlərimiz əbədi Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu. Ata-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı Şuşa əsirlikdən azad olundu. Bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir.
Anar Tağıyev təltif olunan müharibə iştirakçılarını təbrik edib, Vətən müharibəsində Zəfər salnaməsi yazan qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov bildirib ki, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa olsun, azad edəcək. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tarixi Qələbə qazandı. Mənfur düşmən torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar.
Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub. Daha sonra B.Səfəroğlu adına Xalq teatrının əməkdaşları və şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB