Qəbiristanlıq yaraşığı - KÖŞƏ

Qəbiristanlıq yaraşığı - KÖŞƏ

Ölüm bəzi hallarda çox gözəldir. Lakin bəzi insanları Ulu yaradan bundan da məhrum edir. Nə üçün? Onların bütün eybəcərliklərini insanlara faş etmək üçün. Həm də o dünyanı belələri ilə daha da çirkləndirmək istəmir. Deyir qoy elə bu dünyada qalıb pis əməlləri ilə məşğul olsunlar, hamı onları tanısın, qınasın, daş-qalaq etsin, sonra birbaşa cəhənnəmə aparıb qır qazanında cəzasını verərəm. Beləliklə də dünyamız belə pislərdən xali deyil. Onlardan növbətisi, bir qəbiristanlığın yaraşığının əməli:

Bu günlər yenə də tükürpədici bir xəbər sosial şəbəkələri çalxalamaqdadır. Bu xəbər tələbə qızlar arasında böyük narahatlığa səbəb olub. Məlumata əsasən Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) yaxınlığında naməlum şəxs dərman almaq adı ilə gənc qızlara yaxınlaşaraq, onların xeyirxahlığından sui-istifadə etmişdir.

ADU tələbələri yazır ki, yaşlı bir kişi ADU-nun Təbriz küçəsindəki korpusunun yanında dayanaraq, universitetin qız tələbələrinə yaxınlaşır və onlara pulunun dollar olduğunu deyərək, onunla aptekə getmələrini və dərman almasına yardım etmələrini xahiş edir.

İddia edilir ki, bir neçə gün əvvəl ADPU tələbəsi olan bir qız həmin şəxsin yalanına inanıb və onunla birlikdə dərman almaq üçün aptekə gedib. Bu hadisədən sonra gənc qız 2-3 gün yoxa çıxıb. Yoxa çıxan tələbənin yoldaşları onun həmin şəxs tərəfindən qaçırıldığını iddia edib. Geri qaytarıldıqdan sonra isə qız intihar edib.

Həmin şəxsin yenə eyni yerdə dayanaraq, tələbə qızları aldatmağa davam etdiyi bildirilib. Artıq bununla əlaqədar olaraq aid təşkilatlar tərəfindən araşdırma aparılır.

Vallah, belə xəbəri eşidəndə narahat olmamaq mümkün deyil. Çünki hamımızın övladı universitetlərdə təhsil alır. Və həmin qızın başına gələnlər bizim də balalarımızın başına gələ bilər. Bu səbəbdən də həmin qəbiristanlıq yaraşığının dərhal tapılıb həbs olunması, haqqında qanunauyğun cəzanın kəsilməsi hər bir ananın, ümumilikdə cəmiyyətimizin arzusudur.

Mən bir ana və mətbuat nümayəndəsi olaraq bu qəbiristanlıq yaraşığının törətdiyi əmələ münasibət bildirərək demək istərdim ki, universitetlərin ətrafına yaxınlaşmaqdansa, sakit bir parkda gedib əyləşib, özünə Allahdan ölüm arzulaması daha münasib olardı. Bunu nə üçün əvvəlcədən fikirləşməyib görəsən? Çünki vicdansızdır, natamamdır, cəmiyyətimizin yaralarındandır, üz qaralarındandır.

İnşallah ki, yaxın günlərdə haqqında çıxarılan qərarla həbsxana künclərində bir qəbiristanlığın yaraşığı olmasını anlayar və heç olmasa bu dəfə Allahdan ölümünü dilər.

Tələbə qızlarımıza isə tövsiyəm budur ki, baxmayaraq ki, biz onları yaşlılara kömək etmək, xeyriyyəçi olmaq kimi insani duyğularla tərbiyə etmişik, bunu hələlikdə bir kənara qoyub hansı yaş qrupundan asılı olmayaraq heç kimin xahişinə ürəkləri yanmasın ki, aldanmasınlar. Özlərini qorusunlar, bütün bu və ya bu kimi hallar kimlər tərəfindən nə üçün törədilir, nəyə xidmət edir bilinənə kimi özlərini qorusunlar. İnşallah bu cinayət də cəzasız qalmaz.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə