BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi birgə tədbir keçirir - YENİLƏNİR -FOTOLAR

BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi birgə tədbir keçirir - YENİLƏNİR -FOTOLAR

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) açılış mərasimi keçirilir. SİA xəbər verir ki, konfransda qeyd olunub ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələri digər rəqəmsal elmi məlumatlarla əlaqələndirməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” beynəlxalq tədbiri ölkədə adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

Beynəlxalq elmi tədbirdə Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi, təcrübi biliklərin mübadiləsi və müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin plenar, şifahi və poster məruzələrlə Günəş fizikası, Günəş-Yer əlaqələri, Kosmik Hava Cihazları və Məlumatlar Bazası, Kosmik Havanın Modelləşdirilməsi, Qlobal Naviqasiya Peyk Sistemlərinə Kosmik Hava Təsirləri, Geosfer, Maqnitosfer-İonosfer-Termosfer əlaqələri, Milli Kosmik Hava Proqramları və Tədqiqatları, Təhsil və Təcrübə proqramları üzrə çıxışları, həmçinin, yerli və xarici elmi təşkilatların əməkdaşlarının və ali təhsil müəssisələrindən təhsilalanların dinləyici qismində iştirakları nəzərdə tutulur.

Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələrin hazırlanması da daxildir.

Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Beynəlxalq tədbir noyabrın 5-dək davam edəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə