DYP məlumat yayıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollarda hərəkət intensivliyinin artması və mövcud hava şəraiti ilə bağlı məlumat yayıb. SİA xəbər verir ki, İdarədən daxil olan məlumatda deyilir: “Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yol çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə