Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar respublikada silsilə tədbirlər davam etdirilir. Növbəti dəfə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan "Əziz Şuşa, sən azadsan!" adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova qonaqları salamladıqdan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi nitqinin – “Əziz Şuşa, sən azadsan!” nidalı videoçarxı nümayiş olunub. Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada ADU rektorunun məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov, kafedra müdirləri filologiya üzrə fəlsəfə doktoru, professor Arif Hüseynov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Şirəliyeva, müdir v.i.e. filologiya üzrə fəlsəfə doktoru Xatirə Qocayeva və kafedraın əməkdaşları iştirak ediblər.
Kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Ulduz Aslanova respublikanın mədəniyyət paytaxtı olan Şuşa haqqında maraqlı tarixi faktlar söyləyib. Əslən Şuşadan olan kafedranın baş müəllimi Gülbəniz Nəcəfova doğulub böyüdüyü, illərdir həsrətində olduğu doğma yurdundan söhbət açıb.
Tədbirin xüsusi qonağı Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrininbaş giziri Şəhriyar Qasımov Cəbrayıl ərazisindən başlayıb Şuşada bitən çətin, amma bir o qədər də qürurverici döyüş yolundan, şəhidlik zirvəsinə ucalmış, öz qanları ilə tarix yazmış igidlərimizin şücaətindən, mərdliyindən, vətənpərvərliyindən, xalqına, torpağının hər bir qarışına olan sevgisindən danışıb. O, 44 günlük Vətən müharibəsinin nəinki ölkəmizdə, hətta bütün dünyada haqqın, ədalətin səsi olduğunu qeyd edib.
Dəyirmi masanın iştirakçıları qazimizin dəyərli çıxışından qürur duyduqlarını bildirərək növbəti tədbirlərdə də onu yenidən aramızda görmək istədiklərini dilə gətiriblər.
Tədbirin sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB