Bakı Metropolitenində qatarlar arasında interval niyə çoxdur? - QURUM RƏSMİSİ AÇIQLADI
Son zamanlar Bakı Metropolitenində qatarlar arasında intervalda gecikmələr müşahidə olunur. Gecikmə baş verən stansiyalardan biri də "İnşaatçılar"dır. Bəs, bu nədən qaynaqlanır? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Bakı Metropoliteninin sturuktur quruluşu ilə bağlıdır: "Hər bir xətt özü müstəqil qaydada fəaliyyət göstərməlidir. Yəni, hər xəttə qatarların hərəkəti müstəqil qaydada təmin olunmalıdır. Bir xəttən digər xəttə keçid stansiyaları olmalıdır. Hal-hazırda bu sistemin əyani nümunəsi bənövşəyi və yaşıl xətlərimizdə görülür. Belə ki, hər iki xəttin özünün "Memar Əcəmi" stansiyası var. Sərnişinlər bir xətdən digərinə keçərkən bu iki stansiyadan istifadə edirlər.
Əfsuslar olsun ki, Bakı Metropoliteni yaşıl qırmızı xətləri eyni müstəvidə nəinki kəsişir, hətta birləşir. 28 May stansiyasından sonra üzü Həzi Aslanov stansiyasına qədər faktiki olaraq bir xətli hərəkət təşkil olunur. Bu səbəbdən 28 May stansiyasından "İçərişəhər"ə (qırmızı xətt boyunca) və 28 May stansiyasından "Dərnəgül"ə (yaşıl xətt boyunca) qatarların hərəkət intervalında iki dəfə çox fərq yaranır.
Gur saatlarda metropolitenin "28 May"-"Həzi Aslanov" sahəsində qatarların hərəkətləri iki dəqiqəlik intervalla tənzimlənir. Deməli, avtomatik olaraq digər sahələrdə qatarların intervalı artıq iki dəfədən çox olur. Sizin vurğuladığınız interval məsələsi də məhz buradan qaynaqlanır".
Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: "O ki, qaldı qatarların gur saatlarda 2 dəqiqədən 10-15 saniyə gec çatmasına, bu səhər saatlarında "Koroğlu" stansiyasında qatarların 15-20 saniyə saxlanmasından qaynaqlanır. Yəni, metropolitendə qatarların nasazlığı və texniki səbəbdən qrafik pozuntusu olarsa biz avtomatik olaraq bunu ictimailəşdiririk.
Mövcud vəziyyətdə gur saatlarda sərnişin yükünü azaltmaq üçün ehtiyat qatarlar mütləq qaydada xəttə buraxılır. Gündəlik olaraq monitorinqlər aparılır. Gur saatlarda bu qatarlar xəttə daxil olur və "Memar Əcəmi" stansiyasına qədər həkərət edir. Həmin qatar "Memar Əcəmi"dən "Neftçilər" stansiyasına gedir və oradan geri dönür. Bundan əlavə olaraq həmin ehtiyat qatarlar gündüz saatlarında tədris mövsümündə 1-ci növbə üzrə dərslər başa çatdıqda müəyyən stansiyalarda sıxlıq müşahidə olunur ki, bu zaman ehtiyat qatarlar nəzərdə tutulur və onlar xəttə buraxılır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB