Qarşıdakı illərdə təhsil sistemi necə inkişaf edəcək? - ARAŞDIRMA

Qarşıdakı illərdə təhsil sistemi necə inkişaf edəcək? - ARAŞDIRMA

Dünyada elm və texnikanın sürətlə inkişafının bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayır.

Dünya ali məktəblərinin ən mühüm inkişaf meyillərindən biri təhsilin qloballaşması məsələsidir. Bir çox ölkələrin təhsil sistemləri vahid təhsil məkanı və təhsil standartlarının yaradılması istiqamətində fəaliyyət göstərir.

Bu prosesin başlıca faktoru Azərbaycanın da 2005-ci ildə qoşulduğu Bolonya prosesidir. Son zamanlar Azərbaycan təhsilində böyük dəyişiklik və yeniliklər olmuş, siyasi, sosial, iqtisadi və s. sahələrdə müəyyən nailiyyətlər əldə olunmuşdur.

Ölkəmizdə kurikulum islahatı həyata keçirilir və cəmiyyətimizin bütün sahələrində olduğu kimi həm də təhsil sahəsində yeni təlim standartları tətbiq olunub.

Tədqiqatlar göstərir ki, ali təhsilin cəmiyyətdə önə çıxan əsas töhfəsi bu təhsilin daha yaxşı məşğulluq imkanları təmin etməsidir. Belə ki, OECD hesabatlarına görə ABŞ və Avropa İttifaqında universitet məzunlarının orta gəlir səviyyəsi universitet məzunu olmayanlarla müqayisədə 60-75 faiz daha yüksəkdir. Bu nisbət Braziliya, Çili, Türkiyə kimi orta gəlir qrupundakı ölkələrdə təxminən 150 faizdir.

Tədqiqatlar göstərir ki, fərdlərin ali təhsil dövründə sosial həyata uğurla adaptasiya olmağa və cəmiyyətə töhfə verməyə imkan verən bilik və bacarıqlar əldə etməsi cəmiyyət üçün prinsipial əhəmiyyət daşıyır. Fərdi və sosial bacarıqlarını inkişaf etdirmiş, düşünən, tədqiq edən, ömür boyu öyrənən, özünü yeniləyən, təşəbbüskar, əzmli, ünsiyyət qura bilən, komanda daxilində işləyə bilən və liderlik qabiliyyətlərinə sahib olan fərdlərin iş və sosial həyatlarında daha uğurlu olduğu ortaya çıxır.

Təhsilə qoyulan investisiyaların ən mühüm xüsusiyyəti azalan deyil, artan məhsuldarlığa malik olmasıdır. Müxtəlif tədqiqatlar göstərir ki, təhsil inkşafı artdıqca, işsizlik səviyyəsi azalır, gəlir səviyyəsi isə artır.

Çağdaş dünyanın çağırışlarına cavab verən təhsil sisteminin inkişafı və təhsil siyasətini müəyyənləşdirən Dövlət proqramlarının icrası, eyni zamanda qarşıda qoyduğu vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına təkan verəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək. Beləliklə, müasir təhsil sisteminin inkişafını ən yüksək səviyyəyə çatdırmaq üçün infrastruktur işləri tamamilə tənzimlənməsi, müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılması, güclü elmi-pedaqoji kadrlarların formalşdırılması üçün müvafiq addımlar atılır.

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, təhsilə ayrılan məbləğ 4,4 milyard manat təşkil edəcək. Sənəddə bildirilib ki, bu 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Bu əvvəlki dövrlə müqayisədə 500 mindən çox artımdır deyə qeyd edərək Milli Məclisin Təhsil və Elm komitəsinin üzvü Ceyhun Məmmədov SİA-ya açıqlama verib.

Burda əsasən dövlət sifarişli təhsilə daha geniş yer verilməsi və onun əhatə dairəsinin genişlənməsi nəzərdə tutulub. Eyni zamanda universitetlərin informasiya texnologiyaları ilə bağlı təminatın yüksəkləndirilməsi, tələbə təhsil krediti fondu ilə bağlı məsələlər də həll olunacaqdır. Hesab edirəm ki, bu dəyişikliklər təhsilimizin daha da güclənməsinə, inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda təqaüdlərlə bağlı məsələlər, bir sıra digər mühüm məqamlar var ki, təhsilimizin düzəlməsinə əlavə şərait yaradılacaqdır. Hazırda da təhsillə bağlı yeni tendensiyalar, çağırışlar var və inkişaf edir. Bu baxımdan yeni addımların atılması, belə işlərin görülməsi çox vacibdir. Biz bu barədə addımlar atmalıyıq ki, təhsilimiz dünya ölkələri standartları ilə eyni səviyyədə olsun və inkaş etsin.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə