Erkən nikahların baş tutmasında günahkar kimlərdir? - ARAŞDIRMA

Erkən nikahların baş tutmasında günahkar kimlərdir? - ARAŞDIRMA

Hər gün 41 min qız 18 yaşına çatmamış ərə verilir. Bu, ildə 15 milyon qız deməkdir. Erkən nikahlar gəlinlərə, uşaqlara, yeniyetmələrə və bütün dünya ölkələri ailələrinə ciddi təsir göstərir. Bu təcrübəyə son qoymaq Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən biridir.

Dünya Bankı Qrupunun təhlili göstərir ki, erkən nikahın iqtisadi xərcləri yüksəkdir. Erkən nikahlara və erkən uşaq dünyaya gətirməyə son qoyulması məhsuldarlıq əmsalını azalda bilər, nəticədə ölkələrdə əhalinin artımını təxminən azaltmaq olur.

Erkən yaşda uşaq dünyaya gətirən anaların övladları üçün beş yaşına çatmamış ölüm və ya böyümə geriliyi riski yaranır.

BMT ekspertlərinin fikrincə, bir qız ərə getməyə məcbur edilməməlidir. Onların fikrincə, yetkinlik yaşına çatmayanların nikahı uşaqların hüquqlarını pozur və köləliyin bir forması kimi tanınmalıdır. Zorla ərə verilən qızların təhsil, sağlamlıq, fiziki və psixoloji zorakılıqdan azad olmaq hüquqları ciddi şəkildə pozulur deyə beynəlxalq hüquq müdafiəçiləri qeyd edir.

Hindistanda erkən nikahlar geniş yayılıb. Əfqanıstanda bir qayda olaraq, on yaşlı qızlar qırx yaşlı bəylərlə nikaha girir. Bu ən çox Cənubi Asiya və Afrikada ölkələrində baş verir. Bəzilərinin yaşı 16, digərlərinin 12, çoxunun isə daha az yaşı olanlar erkən nikaha cəlb olunur.

Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, Türkiyədə 18 yaşa qədər olan 180 mindən çox qız nikaha girir.

Azərbaycanda bu kimi halların baş verməsini aradan qaldırmaq üçün ölkədə ailə institutunun möhkəmləndirilməsi və inkişafı, gənc ailələrin hüquqi və sosial-iqtisadi mənafelərinin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Hər bir ailə üçün möhkəm zəmin yaradılmasına, cəmiyyətdə bütün uşaqların sağlam doğulmasına, onların sonrakı normal həyat tərzinə zəmanət verən şəraitin yaradılmasına diqqət yetirilir.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, ailə həyatın davamının, nəsillərin davamlılığının təminatçısı, xalqın müqəddəs adət-ənənələrini inkişaf etdirən, gələcək nəsillərin kamilləşməsinə bilavasitə təsir edən tərbiyə ocağıdır. Əsas Qanunumuzun 63-cü maddəsində göstərilir ki, “Ailə cəmiyyətin əsas vahididir, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir. Nikah tərəflərin azad razılığı və bərabərliyi əsasında qurulur. Bu prinsip əsasında ölkəmizdə ailənin hərtərəfli dəstəklənməsi, ona maddi və mənəvi köməklik göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Mütəxəssislərin fikrincə, nikaha daxil olan gənc oğlan və qızların yaşı ailənin möhkəmliyinə təsir edən əsas amillərdəndir. Təəssüflər olsun ki, bəzi valideynlər övladlarının gələcək taleyini, xoşbəxtliyini düşünmədən azyaşlı qızlarını ərə vermək və ya oğullarını evləndirmək fikrindədirlər. Nəticədə belə olur ki, qızlar on altı yaşında, bəzən daha tez ərə verilir. Və bu, əksər hallarda gələcək ananın sağlamlığına, ailənin möhkəmliyinə, gələcək uşaqların sağlamlığına mənfi təsir göstərir.

Son vaxtlar ölkəmizdə xüsusən də bölgələrdə erkən nikah hadisələrinə tez-tez rast gəlirik.

Ümumiyyətlə, dünyanın bir çox, o cümlədən 150-dən çox ölkəsində erkən nikahlarla bağlı qadağalar olmasına baxmayaraq, bir sıra mentalitet amilləri əsasında qoyulan qanunlar pozulur, erkən nikahlara yol verilir. Qeyd edək ki, bizim ölkəmizdə də ənənələrə söykənərək, erkən nikahlara gedənlər var və sayları getdikcə artır”. Ötən il Bakıda 11 erkən nikah qeydə alınıb. Bu nikahlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda olub.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bu haqda SİA-ya açıqlama verib.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş qeyd olunmuşdur. Üzürlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilir. Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlandırma səviyyəsinin artırılmasına xüsusi önəm verir. Mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir. Qadını nikaha daxil olmağa məcbur etmək 2 min manatdan 3 min manatadək miqdarında cərimə və ya 2 ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qeyd olunur. Eyni əməllər nikah yaşına çatmayan şəxsə qarşı törədildikdə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya 4 ilədək müddətində azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bu kimi halların baş verməsinə birbaşa günahkar valideynlərdir. Biz ona görə dövlət komitəsi olaraq ailə və uşaq problemləri üzrə mütəmadi maarifləndirmə tədbirləri həyata keçiririk ki, övladlarımıza öncə təhsil verək, daha sonra onların nikah məsələləri haqqında düşünək. Erkən yaşda nikaha məcburetmə qeyd etdiyimiz kimi birbaşa cinayətdir.

Mətbuat katibi onu da qeyd edib ki, komitə yalnız erkən nikahla bağlı məlumatlandırmaq, tərbiyə və tövsiyə xarakterli görüşlər keçirmək, həmçinin problemin daha çox yayıldığı bölgələrdə seminarlar keçirmək hüququna malikdir.

"Azərbaycanda erkən nikahlarla birbaşa olaraq icra hakimiyyətləri məşğul olur. İcra hakimiyyətinin nəzdində "Yetkinlik yaşına çatmayanlar üzrə komissiya" var. Erkən nikahla bağlı müraciət gəldiyi zaman komissiya problemi yerindəcə araşdırıb bununla bağlı hüquq mühafizə orqanlarına məlumat verməlidir.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə