Ermənistan Silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində həlak olmuş mülki şəxslərin və Vətən müharibəsi şəhidlərinin anım mərasimləri davam etdirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədov Vətən müharibəsi şəhidi Yasən Mehtiyevin və Ermənistan ordusunun raket atəşi nəticəsində həlak olmuş Kəbirli kənd sakini 16 yaşlı Orxan İsmayılzadənin ailələrini ziyarət ediblər. Görüşlər zamanı şəhid Yasən Mehdiyevin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında tab gətirməyən təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini atəşə tutub, nəticədə 16 nəfər mülki şəxs həlak olub, 63 nəfər yaralanıb.
Erməni terrorunun qurbanı olan Tərtər sakinlərindən biri də 10-cu sinif şagirdi Orxan İsmayılzadədir. O, 2020-ci il oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərərkən həlak olub.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB