Ailə balansını pozan əsas səbəblər nədir? - ARAŞDIRMA

Ailə balansını pozan əsas səbəblər nədir? - ARAŞDIRMA

Hər bir insan həm sevincini, həm də kədərini bölüşə biləcəyi bir həyat yoldaşı, tərəfdaş tapmaq arzusundadır. İlk münasibət həmişə evliliklə bitmir. Bəzən insanın arxasında çoxlu xəyanət, küskünlük, məyusluq olur, amma o, güclü ailə qurmaq ümidini buraxmır. Amma son vaxtlar boşanmaların ümumi sayı artıb. İnsanlar sanki keçmiş münasibətlərini qısa müddət ərzində unutmağa çalışır, öz xoşbəxtlikləri üçün mübarizəni dayandırırlar.

Boşanmanlar ən çox aşağıdakı səbəblərə görə baş verir.

Məişət münaqişələri;

intim problemlər;

qısqanclıq;

etibarın olmaması;

qadağalar və s.

Cütlüklərin problemlərinin ən çox görülən səbəbi məişət münaqişələridir. Evlilik dövründə insanlar hər şeyin zamanla keçəcəyinə inanaraq bir çox çatışmazlıqlara göz yumurlar. Vaxt ötdükcə ​​məlum olur ki, bəzi anlarda gözlərini yummağa gücü çatmır. Sonra çəkişmələr, münaqişələr və münasibətlərdə soyuqluqlar başlayır. Tərəfdaşlardan heç biri güzəştə getməyə hazır deyilsə, tezliklə ailə dağılır.

Çoxları üçün boşanma dünyanın sonu deyil, yeni xoşbəxt həyatın başlanğıcıdır. Münasibətləri yaxşılaşdırmaq üçün bütün cəhdlər edilibsə, lakin onlar nəticə verməyibsə, hər kəsə öz yeni xoşbəxtliyini tapmaq imkanı verilməlidir.

Ailənin təməlini möhkəmləndirən ən mühüm cəhətlərdən biri ailədə uşaqların olmasıdır. Uşaqlar ailədə qadını və kişini bir-birinə bağlayan əsas amillərdəndir.

Uşaqların tərbiyəsində cinsi tərbiyə böyük rol oynayır. Bu tərbiyəni tez başlamaq lazımdır. Uşaqlar tez-tez bu sözləri eşidir: "Sən oğlansan", "Sən qızsan". Cinsi tərbiyənin ümumiyyətlə, tərbiyə kimi nə şəkildə, nə həcmdə uşağa çatdırılacağı tərbiyəçi tərəfindən nəzərə alınmalıdır. Ailələrdə atanın hörmətinin nisbətən azalması, uşaqların cinsi tərbiyəsinə mənfi təsir göstərir. Qadının hakim olduğu ailələrin qızları analarının xasiyyətlərini özlərinə nümunə seçərək, gələcəkdə bu xətti yürütməyə çalışacaqlar.

Əksinə, ataların əzazil xasiyyətli olduğu ailələrdə uşaqlar qadının cəmiyyətdəki rolu barədə yanlış fikirdə olurlar. Qızlar ərlərlərinin tələblərini qul kimi yerinə yetirir, oğlanlar isə qadına istismar obyekti kimi baxan kişilərə çevrilirlər.

Əgər uşaqlı ailədə boşanma varsa, o zaman valideynlər bu mərhələni ən az itki ilə keçməlidirlər. Bu vəziyyətdə olan uşaqların əziyyət çəkməməsi üçün vəzifələr təyin etmək və bütün detalları müzakirə etmək lazımdır.

Hər bir ailə bir sıra mərhələlərdən keçir və psixoloqlar bildirir ki, böhran dövrləri münasibətlərin tamamilə normal bir hissəsidir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açıqlamasında bildirib: "Ailə münasibətlərinin təhlili, boşanma hallarının artması və boşanmanın səbəblərinin müayinəsi zamanın yaratdığı tələbə uyğun olaraq ailə qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsini aktuallaşdırır.

Həmçinin, qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən müvafiq strategiyanın hazırlanmasını zəruri edir.

Çünki, ailə özü-özlüyündə mürəkkəb anlayışdır, çox tərəfli funksiyaları mövcuddur. Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyət sosial təsisat kimi ailəyə olan tələblər əsasında dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir. Lakin bunun belə, bəzi əsas funksiyalarını qeyd etmək olar: nəsil artırma, tərbiyə etmə, təsərrüfat-iqtisadi, rekreativ (ailə üzvlərinin bir-birilərinə qarşılıqlı köməyi, sağlamlığın qorunması, istirahətin təşkili), kommunikativ və tənzimləyici (ailədə ilkin sosial nəzarət, nüfuz və hakimiyyətin reallaşması və bölünməsi).

Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısıalınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, ər, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Burada xüsusilə, ailə quran cütlüklərin bir-biri və ailə qarşısında sosial və mənəvi məsuliyyət daşımasına toxunmaq istərdim. Bu hiss və cavabdehlik olmayanda, onun yerini eqoizm, natamamlıq tutur ki, bu da yenə ailədə neqativ halların yaranmasına səbəb olur.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə