Sosial Reabilitasiya Mərkəzləri fəaliyyətlərini necə həyata keçirir? - ARAŞDIRMA
Sosial Reabilitasiya Mərkəzləri İkinci Dünya Müharibəsində sağlam həyat sürmək imkanını itirmiş çox sayda yaralı əsgər və mülki vətəndaş olduqdan sonra fəaliyyət göstərməyə başlamışdır. Tezliklə digər xəstəlikləri olan insanlar, ağır xəsarət alanlar da sözügedən mərkəzlərə üz tutmağa başladı. Belə insanlar bir çox sosial funksiyalarını itirdiyindən onların mütəxəssislərin köməyinə ehtiyac duyduğu önəmli idi.
Bu qrup insanlarla işləmək üçün tibbi-sosial reabilitasiya mərkəzləri, ixtisaslaşdırılmış şöbələr yaradılıb. Bir qayda olaraq, əlillərin sosial-mədəni reabilitasiyası dövlət orqanları tərəfindən maliyyələşdirilir və həyata keçirilir. Əlillərin sosial reabilitasiyası və sosial adaptasiyası ilə bağlı vəziyyətə indi xüsusilə diqqət yetirilir. Ölkəmizin bir çox yerlərində əlillərin tibbi-sosial reabilitasiyası mərkəzi kimi müəssisələr fəaliyyət göstərir.
Əlillərin Sosial Reabilitasiyası şöbəsi xəstələri qəbul edir və onlara tibbi xidmət göstərir, bəzən xəstəxanada qalma imkanı verir. Sosial reabilitasiya mərkəzində psixoloqların konsultasiyası, treninqlər, qrup şəklində dərslər keçirilir, peşə yönümündə köməklik göstərilir.
Xüsusən qayğıya ehtiyac duyulan insanların həyatı köklü şəkildə dəyişir və yeni bacarıqlar, qabiliyyətlər əldə edir. Əlillərin sosial-mədəni reabilitasiyası həmçinin onların daxili fərdi inkişafına və təkmilləşməsinə kömək edir.
Təəssüf ki, ehtiyacı olanların heç də hamısı tibbi-sosial reabilitasiya mərkəzinə düşə bilmir. Bəzi qəsəbələrdə hətta sosial reabilitasiya şöbəsi yoxdur. Belə çətinlikləri aradan qaldırmaq məqsədilə hər il getdikcə daha çox əlillərin sosial reabilitasiyası şöbələri, tibbi-sosial reabilitasiyası mərkəzləri açılır.
Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin icrasına başlanmışdır. Layihə çərçivəsində Bakı da daxil olmaqla Azərbaycanın 42 rayon və şəhərində mərkəzlər fəaliyyət göstərəcək. Onlar autizmli, daun sindromlu və digər əlilliyi olan 4200 uşağa reabilitasiya xidmətləri göstərəcəklər.
Mərkəzlər fərdi əsasda uşaqların bacarıqlarının inkişafı istiqamətində fəaliyyət göstərəcəkdir.
Layihə çərçivəsində hər rayon üzrə 100 sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi, reabilitasiya və digər xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov SİA-ya açıqlamasında bildirib: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin biri Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi olmaqla, 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 8-i regionlarda yerləşir (Sumqayıt, Xaçmaz, Yevlax, Şəki, Naftalan, Şirvan, Lənkəran, Qəbələ). Agentliyin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri, o cümlədən Qəbələ Uşaq Reabilitasiya Mərkəzi 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə xidmət göstərir.
Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilir, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunurlar.
Reabilitasiya xidmətlərinin məqsədi əlilliyi olan şəxslərin reabilitasiyası və sosial bacarıqlarının inkişafı yolu ilə cəmiyyət həyatında sərbəst iştirakına və sosial inteqrasiyasına şərait yaradılmasını təmin etməkdir.
Agentliyin reabilitasiya mərkəzlərində bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.
2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir tələblərə uyğun qurularaq istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ötən ilin dekabr ayında inşa edilərək vətəndaşlara xidmət göstərməyə başlayıb. Yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin açılışı nəzərdə tutulub".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB