Soyuq havalarda immuniteti gücləndirmək üçün hansı qidalara üstünlük verməliyik? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

Soyuq havalarda immuniteti gücləndirmək üçün hansı qidalara üstünlük verməliyik? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Havalar soyuduqca insanlar, ilk növbədə, havaya uyğun geyinməlidirlər. Əksər halda dəyişkən hava şəraiti ilə əlaqədar olaraq orqanizm normal temperaturunu saxlaya bilmir. Bundan ən çox zərər çəkənlər isə immun sistemi aşağı olan insanlardır". Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, immun sisteminin güclü olması üçün ilk növbədə sağlam qidalanmamıza diqqət etməliyik: "Payız fəslində mövsümi meyvə və tərəvəzlərdən istifadə etməliyik. Hansı ki, onların tərkibi vitaminlərlə zəngin olur. Alma, nar, heyva və portağalı buna misal çəkə bilərik. bunlardan mütəmadi olaraq istifadə etdiyimizdə orqanizmimiz vitamin və mineral balansını qoruyur və çatışmazlıqları da tamamlayır. Daha sonra səhər yeməyimiz çox önəmlidir. Qeyd edim ki, səhər yeməyi vaxtında qəbul edildikdə orqanizmimiz həm enerjili olur, həm də həzm sistemi yaxşı fəaliyyət göstərir. Çalışmaq lazımdır ki, süd və süd məhsulları, yumurta, bal, zeytun, bəhməz, yulaf əzməsi kimi qidalardan istifadə etməliyik. Bunları menyular şəklində hər gün istifadə etməliyik. Bununla yanaşı, sağlam bədən çəkimizə də diqqət etməliyik. Yəni artıq çəki və normadan aşağı olan çəki də immun sisteminin aşağı olmasına gətirib çıxarır.

Mütləq şəkildə yuxu rejiminə diqqət etməliyik. Gecə 11-də artıq yatmaq lazımdır. Ölkəmizdə insanların çoxu yuxu rejimini pozduğu üçün immuniteti aşağı olur. Bununla da onlar gün boyu yorğun, əzgin, eyni zamanda da depressiyaya meyilli olurlar.

Temperatur aşağı düşdükcə sanki insanların suya olan tələbatı azalır. Daha çox isti içkilərə, çaya üstünlük verirlər. Günün birinci yarısında çay içmək olar. Lakin günün ikinci yarısında müxtəlif bitki çaylarına da üstünlük vermək olar. Qalan zamanlarda isə su ehtiyacımızı təmin etməliyik.

Həftədə 2 dəfə balıq yeməyi unutmamalıyıq. Çünki balıq tərkibinə görə zəngindir və çox faydalıdır. İmmun sistemimizin gücləndirilməsi üçün mərkəzi beyin sistemimizin yaxşı çalışması üçün Omega3-lə və bir çox minerallarla zəngindir. Ona görə də mütəmadi olaraq balıqdan, eləcə də qırmızı ət və toyuq məhsullarından da istifadə etməliyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə