Ermənistan Qubadlıda müharibə cinayətləri törədib – DEPUTAT ŞƏRH ETDİ

Ermənistan Qubadlıda müharibə cinayətləri törədib – DEPUTAT ŞƏRH ETDİ

“Bütün rayonların, kənd və qəsəbələrin, şəhərlərin işğaldan azad olunması kimi, Qubadlı rayonunun azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun peşəkarlığı sayəsində baş tutdu. 28 il əsarətdə qalan Qubadlı rayonu tamamilə dağıdılmış, talanmış, milli və mədəni abidələrinə, məscid və qəbristanlıqlarına qarşı törədilmiş erməni vandalizmi silinməz izlər buraxıb. Azərbaycan xalqının gördüklərini dünya ictimaiyyəti də görməli və öz qiymətini verməlidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, 31 avqust 1993-cü il tarixinə qədər Qubadlı rayonunun 94 kəndi olub. Bu gün həmin kəndlərin heç birində yaşamaq üçün heç bir şərait yoxdur: “Çünki bütün evlər, inzibati binalar, mədəniyyət obyektləri, məscidlər, körpülər dağıdılmış və yararsız vəziyyətə salınıb. Kənd təsərrüfatı obyektləri, yollar, su anbarları, magistral su xətləri, elektrik xətləri, magistral qaz boru xəttlərii, dəyirmanlar, elektrik yarımstansiyaları tamamilə dağıdılıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Çünki Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə