"Səs" qəzetinin redaksiyasında yubilyarın ad günü qeyd olunub

"Səs" qəzetinin redaksiyasında yubilyarın ad günü qeyd olunub

Bu gün "Səs" qəzetinin redaksiyasında "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyevin anadan olmasının 60-cı ildönümü münasibətilə yığıncaq keçirilib. SİA xəbər verir ki, mərasimi giriş nitqi ilə açan SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev yubilyarı təbrik edərək onun həyat və yaradıcılığının müasir Azərbaycan jurnalistikası üçün örnək olduğunu vurğulayıb.

Bəhruz Quliyev deyib ki, Vəli Vəliyev şəxsiyyət kimi formalaşmış bir insandır: “Onu tanıdığına görə hər kəs iftixar hissi keçirir. Vəli Vəliyevin çox gözəl yazı üslubu var. Onun imzası Azərbaycan mətbuatında kifayət qədər tanınır. Çalışdığı digər mətbuat orqanlarında həm sadə jurnalist, həm də baş redaktor kimi fəaliyyəti dövründə dünyaya həqiqət, reallıq pəncərəsindən baxan Vəli Vəliyev, təbii ki, bu şərəfli amil nəticəsində ölkə mətbuatında öz imzasını təsdiq etməyə kifayət qədər nail olub".

Media Qrupunun rəhbəri onu da əlavə edib ki, Azərbaycan jurnalistikasında örnək götürüləsi olan bir çox tanınmış yazarlar mövcuddur. Onların hər birinin əməkləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və bu ənənə davamlı olacaq.

Daha sonra SƏS Media Qrupunun əməkdaşları da çıxış edərək yubilyarın həyat yolundan, fəaliyyətindən və Azərbaycan jurnalistikasında tutduğu mövqedən geniş bəhs ediblər. Onlar Vəli Vəliyevin yaxşı insan, sədaqətli dost, istedadlı jurnalist olduğunu qeyd ediblər, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Sonda SƏS Media Qrupunun adından Vəli Vəliyevə diplom və hədiyyə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə