Ailə böyük dəyərdir. Bu dəyəri dəyərləndirənlər bilir nədir ailə. Dəyərləndirənlər həm də bu “qurumun” qoruyucularıdır. Lakin dəyərləndirə bilməyənlər, ailə adlı “ittifaqa” sıradan baxanlar ailə yolçuluğunu sona çatdıra bilməyib yarıda bu yoldan çəkilənlərdir. Çox təəssüf ki, dövrümüzdə belələri çoxdur və bu səbəbdən də onların ailələri dağılır, uşaqları iki valideyn arasında tərəddüd içərisində qalır, hansı tərəfə meyl edəcəyini təxmin edə bilmədiyi üçün böyük psixoloji sarsıntı yaşayır. Bütün bunlar təbii ki, haqqında söhbət açacağım mövzunun bir tərəfidir. Bu gün isə yeni qurulacaq ailələrə bəzi insanların yanaşmasından, “məsləhətlərindən” söhbət açmaq istəyirəm.
Eşidirik ki, “məsləhətkeşlər” “qızınızı kasıb adama ərə verməyin”, deyirlər. Maraqlıdır, görəsən bu məsləhət haqqını haradan alıb belə danışırlar? Məgər kasıblıq bu qədərmi təhlükəli, utandırıcı bir amildir ki, insanlar ictimai yerlərdə hətta utanmadan, çəkinmədən kasıba qarşı hörmətsizlik edirlər?
Maddi kasıblıqmı?
Elə söhbətin bu yerində birdən ağlıma gəldi ki, bəlkə “kasıba qız verməyin” deyənlər maddi yox, mənəvi kasıblıq üçün söyləmişlər bir fikri. Axı ağlı, düşüncəsi yerində olan adam heç vaxt maddiyyatı dilinə gətirməməlidir. Maddi kasıblıq, bəli, var, lakin onun bu ilin başı ilə qarşıdakı ilin başında dəyişilə bilən bir tərəfi də var ki, onu Tanrıdan başqa heç kim bilə bilməz. Həm də ki, həyatda təsadüf adamlar olar ki, onlar kasıblıqdan keçməsinlər. Hər kəsin gənclik, cavanlıq çağlarında maddi vəziyyətində problemlər, çatışmazlıqlar ola bilər. Lakin zamanla bütün məsələlər öz həllini tapır. Təbii ki, həyata ağılla, düşüncə ilə yanaşırsansa və onu dəyərləndirə bilirsənsə...
Maddi kasıblıq heç bir halda problem deyil ki, kimlərsə bu durumda olan adamları lağa qoya, onlara qarşı hörmətsizlik edərək “kasıba qız verməyin” deyə. Belə valideynlər də tanıyıram. Hər dəfə qızlarından söhbət düşəndə “mən kasıba heç vaxt qız vermərəm” deyirlər. Yaxın tanıdığım insanlardan birinin bu mövzuda söhbətini sakit şəkildə sonadək dinləyəndən sonra hələ ona belə bir sualım da olmuşdu: sən filankəslə evlənəndə kasıb deyildin? Yaşamağa bir evin də yox idi. Bəs onun atası qızını sənə nə üçün vermişdi?
Sualım onun boğazını qurutsa da, lakin yenə də özünə haqq qazandırmağa çalışdı. Lakin bu, faydasız haqq qazandırma idi. Çünki söhbəti də düşüncəsi kimi məntiqsiz idi.
Kasıblıq nə xəstəlik, nə simptom, nə də ki, böyük təhlükədir. Bizim cəmiyyətimizdə kasıb evi, maşını olmayan insanlar hesab olunur. Lakin evi, maşını olmayan minlərlə gənc var. İndi yerindən duran hər kəs “kasıba qız verməyin” deyərək qulaqları doldurarlarsa, yeni ailələrimiz qurularmı? İnsanların bir-birinə etimadı qalarmı? Maraqlıdır, “kasıba qız verməyin” deyənlərin həyatlarına nəzər salsaq, heç bəlkə də onların özlərindən kasıbı olmayıb. Lakin bu yersiz və lüzumsuz ifadələri nə üçün söyləyirlər, anlamıram. Məncə ona görə bu fikrə gəlirlər ki, özlərinin çəkdiyi əziyyəti övladları yaşamasın. Lakin gəlin etiraf edək ki, kasıblıq böyük məktəbdir. İnsan kasıblıqla dəyər amilini mənimsəyir, qənaət, qədirbilənlik kimi yüksək keyfiyyətləri mənimsəyir. Kasıblıq zəhmətdir. Zəhmətlə böyüyən, zəhmətə alışdırılan uşaqların çox gözəl gələcəyi olur. Onlar əldə etdikləri hər şeyin qədrini bilirlər. Onu qorumağa çalışırlar. Lakin gözünü açıb hərtərəfli təmin olunduğunu görən uşaqlar çox halda sahib olduqlarının qədrini bilmirlər. Çünki sahib olduqları üçün heç bir əziyyət, zəhmət çəkmirlər.
Ya mənəvi kasıblıqmı?
Heç inanmıram ki, “kasıba qız verməyin” deyənlər mənəvi kasıblığı nəzərdə tutsunlar. Çünki müasir dövrümüzdə maddiyyat mənəvi dəyərləri çox üstələyib, onu ikinci plana keçirib. Çox halda isə yox edib sıradan çıxarıb. İndi çoxları maddiyyat arxasınca yolçuluqdadırlar. Bu yollardan ayrılan minlərlə cığırlara baş vurmaqla yolun sonuna var-dövlətli şəxs kimi çatmaq fikrindədirlər. Özlərini min bir təhlükənin qarşısına atıb “qonşudan geri qalma” prinsipi ilə bu qısacıq dünyanın əzabları ilə baş-başadırlar. Nə edək ki, qonşu kimi ikimərtəbəli evimiz, maşınımız olsun, qonşunun arvadı, qızı kimi geyinək, iş yoldaşımızın götürdüyü çantadan, istifadə etdiyi ətirdən alaq, tələbə yoldaşımızın gəldiyi maşınla biz də universitetə gedək və sair insanlığa yaraşmayan, insanlıqdan lap çoxdan qopmuş hisslərlə yaşayan minlərlə “bizlər” var. Kasıblığa, kirayədə yaşayana yuxarıdan aşağı baxan, metro, marşrut avtobuslarla işə gəlib-gedəni adam hesab etməyənlər var. Bazardan piyada zənbilli qayıdanlara lağ edənlər var. Məncə elə “kasıba qız verməyin” çağırışında, iddiasında olanlar da bu qəbildən olan insanlardır.
Lakin metrodakı sıxlığın içərisində nə mənəvi zənginlər hər gün tər tökə-tökə mənzilbaşına yollanırlar. Avtobus dayanacaqlarında günəşin altında yanan, küləyin min bir rəqsinə sinə gərən minlərlə mənəvi zənginlər zəngini insanlar var. Bazardan daşıdığı yükün min bir qat ağırlığında həm də mənəvi zənginliyini daşıyanlar var. Bu insanlar kirayədə yaşasalar da, şəxsi avtomobilləri olmasa da, ikimərtəbəli, üçmərtəbəli villalarda yaşaya bilməsələr də, kasıb deyillər. Belə insanların övladları da özləri kimi zəngindir. Onların qızlarımızı seçib- sevməsinə, ailə qurmasına sevə-sevə razılıq verə bilərik. Çünki onların çox gözəl, mənəvi keyfiyyətlər üzərində qurulacaq ailəsinə, bu ailədə böyüyən uşaqların zəhmətdən pay alıb gələcəkdə mükəmməl bir insana çevriləcəyinə, cəmiyyətimizə, Vətənimizə layiqli vətəndaş olacağına heç bir şübhə yoxdur.
Tanrı bizləri mənəvi kasadlıqdan qorusun, maddiyyat hər zaman yerini ala bilir. Bir də baxırsan ki, o iki, üçmərtəbəli evlər satıldı, o maşınlar sıradan çıxdı, onların sahibi getdi kirayədə yaşamağa, mənim, sənin, bizim kimi metrodan, marşrutdan istifadə etməyə başladı. Bir də görürsən ki, dünən maşının arxasını açıb evinə aldıqlarını daşımaq üçün fəhlə tutub, bir-iki manata yük daşıtdıran, bu gün səninlə birlikdə bazardan qayıdır, həm də marşrut avtobusda.
Lakin kirayələr özünüzün olacaq evlərin başlanğıcıdır. Kirayə ev müvəqqətidir. Bir gün oranı tərk edib öz evinə gedəcəksən, əgər ağıllı, tədbirkeş birisənsə... Bir gün hər kəsin maşını ola bilər. Bir gün hər kəs gözəl paltarlar geyinə, bahalı çantalar götürə, ətirlərdən istifadə edə bilər. Lakin həyatın bütün dönəmlərində sənin olanın qədrini bilməklə, ona dəyər verməklə, bir də ki, haradan gəlib harada dayandığını unutmamaqla onları daim əlində saxlaya bilərsən, bunu unutmayaq!
Qızlarımızı kasıba verək, bəli, verək!
Söhbətin bu yerində isə dəli bir gülmək tutur məni. Niyə? Çünki qızlarımızı “verək, verməyək” deyirik, sanki bir əşya haqqında danışırıq. Məgər qızlarımız bizim əşyalarımızdır ki, onu sevdiyi kasıbdan qoparıb sevmədiyi zənginlə zorla evləndirək, daha doğrusu bu fikirdə olanların təbirincə desək, verək? Maraqlı və gülməlidir, deyilmi? Bir anlığa orta əsrlərə getdim. İndi də maraqla izlədiyimiz filmlərdə ikrah hissi ilə qarşıladığımız ataların qızları üçün ər seçmə mənzərəsi canlandı gözlərim önündə. Yoxsa bu fikirdə olanlar həmin əsrlərə qayıtmaq, qadın hüquqlarını yenidən pozmaq fikrindədirlər? Axı biz övladımızın könlünün sevdiyinə, seçdiyinə qarşı necə çıxa bilərik?
Göz görüb könül sevəndə qarşındakının kasıb və ya zəngin olduğunu bilmirsən, sadəcə vurulur, sevirsən. Heç xasiyyətinin, xarakterinin də nə olduğunu bilmirsən, lap başlanğıcda. Zamanla öyrənirsən ailə quracağın adamın hansı xasiyyətdə olduğunu. Bəzən sevgi o qədər dərin olur ki, sevdiyin insanın mənfi xasiyyətlərinin olduğunu bilə-bilə onunla ailə qurmağa razılıq verir, bir ömür onun xasiyyətinə dözməyi seçirsən.
Və yaxud da sevdiyin adamın evinin, maşınının olub-olmadığını bilmədən onu sevirsən. Sadə geyimi, gözəl davranışını, insanlığını sevirsən, səni anladığı üçün sevirsən. Onun özünü sevirsən. Bu an nə gözünə, nə də xəyalına belə onun olub-olmayanları gəlmir. Çünki sən saf, təmiz, ülvi bir hisslə sevirsən. Bir ömür onunla bir yerdə olmağı sevirsən. Ta harada yaşayacağınızı düşünmədən, ağlına belə gətirmədən sevirsən.
Zaman-zaman sevgilər də belə yaşanıb, ailələr də belə qurulub. Nənə-babalarımızın bu cür məhəbbətlə qurduğu ailələrin bəhrələriyik bizlər. Onların da arasında kasıbları, zənginləri olub. Lakin görünür ki, mənəvi zənginlik o qədər böyük olub ki, kiminsə olub-olmayanı dillərə belə gəlməyib. Bir sözlə, bizim ata-babalarımız qızlarını sevib seçdiyi adamla evləndirməyi həmişə üstün tutublar. Onların da arasında təsadüfən övladını zorla evləndirən, istəmədiyi qızı alan, istəmədiyi oğlana verən olub, lakin zamanla onların bədbəxtliyinin müşahidəçisinə çevrilməklə səhvlərinin nədən ibarət olduğunu dərk ediblər.
Odur ki, göz gördü, könül sevdi misalı da yaranıb. Ailələrimiz əsasən övladlarımızın öz seçimləri əsasında qurulub. Və biz onların seçimlərinə hörmət bəsləməklə kasıbın da, zənginin də balasını öz balamız hesab etmişik. Beləliklə, Azərbaycanın ailə modeli yaranıb. Sevgi, məhəbbət, ülviyyət üzərində qurulan ailə modeli.
İndi çox tez-tez eşitdiyimiz “kasıba qız verməzlər”, “kasıba qız verməyin”, “övladınızı kasıbla evləndirməyin” kimi lüzumsuz fikir və tövsiyələrə bizim ailə modelimiz arasında yer yoxdur. Çünki...
Belə çıxır ki...
Bəli, belə çıxır ki, uşaqlarımız arasında yeniyetməlik yaşından təbliğat aparmalıyıq ki, bax, seçimində yanılma ha, səni kasıba ərə verməyəcəyik. Belə düşüncəmi olar? Bu fikirləri ağlına və dilinə gətirən adamlar bir oturub nə danışdıqlarının fərqinə varsalar, yaxşı olar.
Bu söhbətin dərinliklərinə getdikdə yeni məqamlar da ortalığa çıxır və yeni suallar doğur ki, həmin suallar öz cavabını axtarır. “Qızlarınızı kasıba verməyin”, deyənlər nə üçün bu fikri başqa cür ifadə etmirlər ki, valideynlər övladlarının yaxşı yaşaması, təminatı üçün qarşılıqlı şəkildə əllərindən gələni etsinlər. Nə üçün insanlara tövsiyələr verənlər onu da demirlər ki, ay valideynlər, bir-birinizin bəhsinə bir evin, üç maşının pulunu boş yerə restoranlara töküb etdiyiniz toylarla övladlarınızın ailə həyatının yaxşı bir təməlini qoya bilərsiniz. İsrafçılığın baş alıb getdiyi cəmiyyətimizdə nə üçün bu cür nuansları görə bilmirik, lakin evi, maşını olmayanlara kasıb adı veririk?
Axı bir izdivacın nişanından, xınasından tutmuş toyadək keçən mərasimlərdə xərclənən pullarla uşaqlarımızın evinin təməlini qoya bilərik. Kimlərəsə özümüzü göstərmək üçün illərlə banklara ödəməli olduğumuz pullar bir evin təməli ola bilməzmi?
Həmişə bu barədə yazmışıq, söyləmişik. Yəqin ki, sözümüzü təkrarlamaq kimlərəsə xeyir etmədiyi üçün onu bir kənara qoyublar. Əslində isə bizim təklifimiz “qızınızı kasıba verməyin” deyənlərin təklifindən min qat sanballıdır.
Nə isə... Ümidvarıq ki, xalqımızın mentalitetinə yaraşmayan belə lüzumsuz təkliflər tezliklə söhbətlərin mövzusunu tərk edəcək. Bu xalq kasıb və zəngin arasında fərq qoymayan, evi olmayana ev qurmaqda, hər hansısa bir işdə köməklik göstərməkdə həmrəy olan, yardımçı olan xalqdır. Hələ qədimdən insanlarımızın bütün işlərdə yardımlaşmaq, paylaşmaq kimi keyfiyyətləri hər birimizə gün kimi aydındır. Belə isə gənclərimizin qulaqlarını belə lüzumsuz fikirlərlə doldurmayaq. Qoy zənginin qızı kasıbın oğlu ilə evlənsin. Kasıbın oğlu zənginin qızını alsın. Təki xoşbəxtlik olsun, gənclər bir-birilərini sevsinlər. Ailələrimiz sevgi, ülviyyət üzərində qurulsun. Çünki belə ailələrin dözümü yenilməzdir.
Kasıblıq da, zənginlik də gəldi-gedərdi. Min zəngin görmüşük, sonda bir çörək puluna möhtac, min kasıb görmüşük, sonda zəngin. Bütün bunların Allahın nəsibi, qisməti olduğunu anlamağımız və dərk etməyimiz diləyilə...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB