Unikal memarlıq abidəsi olan tarixi Xudafərin körpüsü 1993-cü ildə Ermənistan dövləti tərəfindən işğal edilib. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, azərbaycanlıların cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub. Simvolik abidə hesab olunan Xudafərin körpüsü həm də Azərbaycanın şimalı ilə cənubunu birləşdirir.
Bu körpü mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli bir tarixi abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız heç zaman öz dəyərlərini unutmadı. Dövlət olaraq hər zaman nəinki Xudafərinin, hətta digər ərazilərimizin də bir gün işğaldan azad olunacağına inanırdıq. Çünki ata-babalarımızın əmanəti olan torpaqlar Vətən uğrunda canından keçən şəhidlərin hesabına bizlərə ötürülüb.
Regionda dostu az, düşməni çox olan Azərbaycan keçmişdən bəri qonşu ölkələrin maraq dairəsində olub. Bunun səbəbləri isə zəngin təbii sərvətlərə malik olan ölkəmizin ticarət, kommunikasiya yollarının üzərində yerləşməsi idi. Bundan əlavə, din, dil, millət, mədəniyyət, ümumilikdə isə bütün xüsusiyyətlərdə oxşar olan qardaş Türkiyə ilə Azərbaycanın sərhəd əlaqələrinin kəsilməsi(Naxçıvan istisna) də ölkəmizə qarşı yüz illər öncə hazırlanan planın bir hisəsi idi. Azərbaycanın şimalını cənubundan ayırmaq, orada işğalçı dövləti yerləşdirmək əslində böyük güc hesab olunan ölkələrin əsas məqsədlərindən biri idi ki, buna da 30 ilə yaxın müddətdə nail oldular. Buna baxmayaraq, dünyada demokratik, insan haqlarının qoruyucusu qismində çıxış edən, lakin hər zaman iki standartlar həyata keçirən dövlətlər və təşkilatlar erməni işğalına səssiz qaldı. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qərarı 2 saata reallaşdırılır, amma keçmiş Dağlıq Qarabağla bağlı 4 qətnamə 27-28 il yerinə yetirilmədi. Bununla bərabər, blokada şəraitində olan Ermənistan iqtisadi cəhətdən zəif olsa da, milyard dollar dəyərində silah-sursat, hərbi texnika ilə təmin edilərək Azərbaycan torpaqlarında məhkəmləndi. Özü də bu proses bir-birinə zidd siyasi mövqelərdə dayanan dövlətlər tərəfindən həyata keçirildi. Bölgədə sərhəd dəyişikliyini qəbul etmirik deyən ölkə də 30 ilə yaxın müddətdə Ermənistanın haqsız işğalına susdu və bəzi məqamlarda hətta onlara yardım əlini də uzatdı. Eyni zamanda, Ermənistan Xudafərin və digər istiqamətlərdən qanunusuz ticarət yolu kimi istifadə edirdi. Həmçinin tarixi-mədəni abidələrimizə, insanlarımıza qarşı terror həyata keçirirdi. Özü də dünya ictimaiyyətinin gözü önündə. Təcavüzkar və işğalçı Ermənistan bir milyona yaxın azərbaycanlını öz tarixi yaşayış yerlərindən didərgin saldı, bu zaman çoxsaylı hərbi cinayətlər törətdi, 30 ilə yaxın bir müddətdə xalqımıza çox böyük maddi-mənəvi zərər vurdu. Belə ki, Azərbaycanın Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən zəbt edilmiş ərazilərində 22 muzey, 192 ziyarətgah dağıdılıb, 927 kitabxana və orada saxlanan 4,6 milyon nüsxə kitab məhv edilib, ya da özününküləşdirməyə çalışılıb. Bütün bunlara rəğmən Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş siyasi diplomatiyası nəticəsində öz ərazilərini erməni işğalından qarış-qarış azad etdi. 2020-ci il sentyabrın 27-də başlanılan “azadetmə” əməliyyatında Silahlı Qüvvələrimiz 44 gün ərazində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və işğalçı erməniləri torpaqlarımızdan qovdu. Erməni işğalından azad olunan bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti, mənəvi dəyəri var. 2020-ci il oktyabrın 18-də də tarixi Xudafərin körpüsü 27 illik həsrətdən sonra ermənilərdən təmizləndi. Araz çayının digər tərəfində olan həmvətənlərimiz də Ordumuzu sevinclə, coşqu və dua ilə qarşılayaraq, sevincimizə şərik oldular. Xudafərin sadəcə tarixi bir körpü deyil, eyni zamanda, Azərbaycanımızın, xalqımızın birləşmə nöqtəsidir.
Elmir Səftərov siyasi şərhçi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB