Yazıma necə və haradan başlayacağımı kəsdirə bilmirəm. Səfəröncəsi hazırlıqlardanmı, Xudafərinin tarixi, keçmişi barədə faktlardanmı, yoxsa iki il əvvəl qəhrəman əsgərlərimiz - Xüsusi Təyinatlı sərhədçilərimiz tərəfindən erməni işğalçı ordusunu necə qovduqlarındanmı, bəlkə eləcə, sadəcə səfər təəssüratlarından yazım, bilmirəm. Amma qələmi əlimə alan kimi aləm dəyir bir-birinə, yenə tarixlə müasirlik, işğal altında qalan Xudafərinlə azad Xudafərin mübahisəyə girir, məndən yaz deyə məni çar-naçar buraxırlar. Elektron medianın imkanları genişdir, hansı yazını, hansı ölçüdə versən udur. Çap mediasında isə yenə əlahəzrət məhdudiyyətlər. Ona görə də elə səfər təəssütatlarımızdan başlayaq, qalanı ya qismət...
Bakıdan saat 05:00-da yola düşdük. Yollar hələ də bomboş idi, qarşımıza tək-tük maşınlar çıxmasaydı elə düşünərdin ki, bizim səfərimizin rahat keçməsi üçün yollar xüsusi olaraq boşaldılıb. Avtobus sürətlə şütüyürdü. Sanki bizi, biz həsrətliləri, Qarabağa tamarzıları, Xudafərinlə görüşə tələsənləri mənzil başına tez çatdırmaq üçün bağıra-bağıra kənd və qəsəbələri arxada qoyurdu. Sürücümüz sərhədçi idi, görünür bu yolları çox getmişdi deyə, bəzən bizə elə gəlirdi ki, yolu gözüyumulu gedir. Yollarımız da, maşallah, “şüşə” kimi, bəzən hərəkətdə olduğumuzu hiss etmirdik.

Səfərimizin təşkilatçısı Dövlət Sərhəd Xidməti idi. İnsafla desək bu qurumun keçirdiyi, təşkil etdiyi bütün tədbirlər maraqlı və zəngin olur. Yol boyu xidmətin mətbuat katibi Aftandil müəllim gedəcəyimiz yer haqqında məlumat verir, əsasən də təhlükələr haqqında. Biz də onu başa düşürük, nə qədər də olmasa 30-40 nəfərin təhlükəsizliyinə o cavabdehdir. Bəzən ipə-sapa yatmayanlar, qadağan olunmuş, mina təhlükəsi olan yerlərə ayaq basan olanda gileyini, əsəbini gizlədə bilmirdi. Jurmalistlər daha çox material toplamaq hayında idilər, təhlükə demək olar ki, unudulmuşdu. Nəzərə alsaq ki, azad olunmuş torpaqlarımızın hələ də 60-70 faizi mina əsarətindədir. Onların azadlığına, minadan, partlayıcı qurğudan qurtuluşuna hələ xeyli var...
Xudafərində çox olmuşdum desəm inanmazsınız. Hətta Sovetin dövründə belə. Bəli, düz anladınız, həmişə kənimizə Bakı-Noraşen qatarı ilə gedəndə Xudafərin körpüsünün düz yanından keçirdik. Bəzən olurdu ki, rus sərhədçiləri pəncərələrin pərdəsini endirməyi, Cənubi Azərbaycan tərəfə baxmamağı tələb edrdilər. Amma kimə deyirsən, hərə bir yol tapıb aşıb-daşan Araz çayına, elin o tayına, Xudafərinə doyunca baxar, bildiyi tarixi faktları digərləri ilə bölüşərdi. Bunu da çox ehtiyatla edərdilər ki, çuğulların siyahısına düşməsinlər. Qatar da bizə aşıq verirmiş kimi Xudafərinin çox yaxınından keçərdi...
Müstəqilliyimizi elan etdik, amma erməni silahlı qüvvələrinin işğalı altında olduğuna görə, Xudafərinə uzaqdan baxmaq zorunda idik, bu dəfə də Arazın Cənub tayından. Ta o günə qədər ki, 27 sentyabr 2020-ci ildə erməni silahlılarının növbəti təxribatından sonra Silahlı Qüvvələrimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin bir əmri ilə ayağa qalxana, düşmənə qan uddurana qədər.

İki il əvvəl nə baş verdi?
Əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedirdi. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir. Oktybrın 4-də Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu kəndləri və Cəbrayıl şəhəri işğaldan tam azad edilir. Artıq Cəbrayıl rayonu istiqamətdə geniş ərazilərin işğaldan azad olunması ilə İkinci Qarabağ müharibəsində cənub (6 oktyabr) və cənub-qərb cəbhələrinin açılması ilə nəticələnir. Ancaq ordunun müdafiə xəttinin içərilərinə irəliləməsi Qarabağın qapısı adlandırılan Füzuli şəhərinin azad olunmasından keçirdi. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yuvadırdı. 16 oktyabrdan 17-nə keçən gecə Füzuli şəhəri işğaldan tam azad edilir.. Şəhərin azad olunması artıq ordunun Azərbaycan-İran dövlət sərhəddi boyunca irəliləməsini asanlaşdırır. Artıq bir gün sonra Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancılır.

Tarixi tarix yazanlar danışır
Xalqımız üçün önəmli tarixlərdən biri də oktyabrın 18-dir. 1991-ci ilin bu tarixində Azərbaycan xalqı 70 ildən sonra əsarət zəncirlərindən xilas olaraq müstəqilliyini bərpa etdi. İki il əvvəl 18 oktyabr tarixində isə daha bir işğala son qoyuldu. 27 ildən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti müjdəli xəbəri xalqımızla paylaşdı. Prezidentin tviter səhifəsində paylaşdığı “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” tviti ölkəmizdə xüsusi coşqu ilə qarşılandı.
Bu əlamətdar gündə azad Xudafərin körpüsünə yollanaraq tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi qulluqçusu ilə məhz Xudafərin körpüsünün yanında həmsöhbət olduq. Onlar 27 il bu yerlərdə özlərinə alınmaz qalalar, istehkamlar düzəldərəkmüqavimətə hazırlaşan erməni solahlı qüvvələrinincəmi 8 saata bu yerlərdən vurub çıxara, onları Ermənistanın indiki hələ də qeyri-müəyyən olan sərhədinə qədər qova biliblər. Bu qəhrəmanlar danışmaqdan çox Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqları mükəmməl icra etmək, düşmənin başını əzmək barədə düşünüblər.
Xudafərin körpüsünə getməmişdən əvvəl səfər proqramında ondan heç də geri qalmayan bir məkan daha vardı - erməni ordusunun üçqatlı müdafiə səddi. Birinci və ikinci səddi yarmaq, ermənilərin hazırladığı tələlərdən keçmək və nəhayət üçüncü səddi darmadağın etmək yalnız Azərbaycan əsgərinin işi ola bilərdi. Sərhəd xidmətinin xüsusi təyinatlıları hərbi əməliyyat planını mükəmməl yerinə yetirərək erməni işğalçılarını səngərlərində məhv ediblər. Müharibənin izi hələ də səngərlərdədir. Hər tərəfə səpələnmiş müxtəlif kalibrli gilizlər, raket və qranat atarların boş qutuları, erməni hərbçilərdən qalmış zirehli gödəkcələr, digər geyim növləri hələ də oradadır. Sərhəd xidmətinin xüsusi təyinatlıları haradan və necə gəldiklərini detallarına qədər jurnalistlərə anladırlar. İnsanın ürəyi dağa dönür, onlarla fəxr edirsən, qürur duyursan ki, belə qəhrəmanları olan Azərbaycanda yaşayırsan, bunları yetişdirən komandirlərlə hər gün üz-üzə gəlirsən, belə qəhrəmanlar böyüdən valideynlərlə qonşusan, dostsan, Vətənin hər qarışı uğrunda qan tökən şəhid və qazinin mənsub olduğu millətin nümayəndəsisən. Onlar danışdıqca basin bir az da dikəlir, sanki 30 il başıaşağı yaşamağı unutmaq üçün buludlara çatmağa can atırsan…

Bu da Xudafərin
İlkin məlumata görə, guya Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Tarixi qaynaqlarda belə yazılsa da, Xudafərinin adına görə, məhz xeyirli məqsədlə, məsələn karvan yolunu asanlaşdırmaq, Arazın o tayı ilə bu tayını bir-birinə birləşdirmək üçün inşa edildiyi bəlli olur. Bu körpü dava, savaş, müharibə aparmaq üçün tikilməyib. Unikal memarlıq abidəsi, İpək yolunun üzərində yerləşən körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 15 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin zabitləri danışır ki, Xudafərinin azad olunmasına Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətindəki tapşırıqla başlanılıb. Kənd istiqamətində mövqeləndikdən sonra tapşırıq gəldi, dozor qrupu fəaliyyətə başladı. Relyefi çox çətin olan marşrut üzərindəki yüksəkliklərdə düşmənin mövqeləri var idi. Tapşırıq bu ərazilərdə olan yüksəkliklərin götürülməsi idi. Düşmən mövqelərindən yan keçmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunurdu və qruplar rabitə vasitələri ilə yönləndirilirdi. Dozor qrupu düşmənin müəyyən qruplarından yan keçərək yüksəkliklərdə yerləşir. Bir qrup sol tərəfdən, digər qrup isə sağ tərəfdən dağların arası ilə əraziyə daxil olur. Gecə ikən yüksəkliklərdə mövqelənən qruplar ərazinin müşahidəsini aparır. Burada ermənilərin Araz çayı kənarındakı zastavalar yerləşib. Hava işıqlanandan sonra zastava ələ keçirilir, düşmən ərazidən qovulub çıxarılır.

Uğurlu Xudafərin əməliyyatının önəmi böyükdür. Burada icra olunan əməliyyat zamanı həm ərazi azad edildi, həm də xüsusi təyinatlılarımız bu əraziyə itkisiz daxil oldu. Otuz ildən sonra doğma torpağımıza ayaq basdığı üçün hər kəs sevinirdi. Xudafərin körpüsünə və hakim yüksəkliklərə Azərbaycanın şanlı bayrağını sancıldı. Xudafərin körpüsünün azad olunması Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov tərəfindən Müzəffər Ali Baş Komandana məruzə olundu.
İşğaldan azad olunan ərazilərə ilk dəfə ayaq basarkən unudulmaz hisslər yaşayırsan. Çoxumuz Xudafərin körpüsünü uzaqdan görmüşdük, hərbçilərin azad etdiyi Xudafərini isə bu gün canlı olaraq lap yaxından müşahidə edirik, toxunduq ona, onunla söhbət etdik, onu könüldən olmasa da, gözdən İraq qoymayacağımıza əmin etdik. Mənim kimi, o tarixin ənginliklərindən gələn, özünü təlatümlərdən qoruyub saxlamağı bacaran abidəmizi bir daha itirməyəcəyimə verdiyim söz kimi…

Araz çayı kənarındakı qurulmuş hərbi hissədə olmaq mənə xüsusi bir zövq verdi, düz 40 il bundan qabaq mən də əsgər idim, amma Sovetlərə qulluq edirdim. Yox, dönük deyiləm, sadəcə o vaxtlar hamı sovet ordusunda xidmət edirdi. Müqayisə apardım, sovetlərin vaxtında hərbçilərin qidalanması ilə müasir dövrümüzdə əsgərlərimizin menyülərini tutuşdurdum. İnsafən, bizdəki xidmət tam başqadır. Əsgərlər səliqəli, təmiz, yeməklərə isə söz ola bilməz. Əziz sərhədçilər, gəldik, sizlərlə görüşdük, sizin o gözəl yağlı fətirlərinizdən, heç də restorandan geri qalmayan yeməklərinizdın yedik, haqqınızı halal edin…
Üzümüz Zəngilanadır, oralarda nə var, nə yox, erməni vandallar bu gözəl təbiətli yurd yerimizdə hansı vandallıqlar törədib və indi vəziyyət necədir? Bu sualların cavabını bilmək istəyirsinizsə bizi izləyin.
Vəli VƏLİYEV
Bakı-Xudafərin-Zəngilan-Bakı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB