Hamımız həyatımızı birləşdirəcəyimiz həyat yoldaşını seçərkən, onda uşaqlığımızın ata modelinin izlərini bilmədən də olsa axtarırıq. Bu, bir həqiqətdir ki, biz qadınlar həyat yoldaşı seçərkən atalarımızı nümunə götürürük. Əksəriyyətimiz seçdiyimiz kişidən bəlkə də yarım qalan ata qayğısı istəyirik.
Psixoloqlar həyat yoldaşı seçimində ata amilinin nə qədər təsirli olmasından danışıblar. Bildiyimiz kimi, uşaq həyata gözlərini açanda ilk gördüyü kişi atası olur. Ata-qızın bir-birinə olan sevgisi də tamamilə fərqlidir. Yeniyetməlik dövrünə doğru bu sevgi azalma kimi görünür, lakin həmişə var və heç vaxt bitmir. Çünki qızlar böyüdükdə atalar daha çəkingən olur və hisslərini gizlədirlər. Bu da kənardan sevgi azlığı kimi görünür.
Bəs, ata modelinin qadınların həyat yoldaşı seçiminə təsiri varmı?
Atalar qızları üçün ilk məhəbbətdir, gizli qəhrəmandır. Qız həyata gözlərini açanda ilk gördüyü kişi atası olur. Bu münasibətin qızın gələcək həyatına təsiri də çox yüksəkdir. Qızlar gələcəkdə həyat yoldaşı seçərkən ya eyni ata fiqurunu, ya da əksini seçirlər. Məsələn, əgər ata alkoqolikdirsə və ya zorakılığa meyillidirsə, qızı ya oxşar kişi ilə ola, ya da tamamilə sakit təbiətli adamla evlənə bilər. Anaları ilə münasibətləri baxımından oğlanlar üçün də bu vəziyyət eynidir.
“Mən atama bənzəyən biri ilə ailə qurmayacağam”
Atanın boşluğu doldurulurmu? Bu, həqiqətən vacib bir problemdir, çünki ana atanı əvəz edə bilməz. Atanın yoxluğu qıza təsirini çox açıq şəkildə göstərir. Atasız qızlar sanki söykənəcək bir ağac axtarır. Bu tip qızlar ya kişilərə çox güvənir, ya da ümumiyyətlə güvənmir. Çünki ata olmayan yerdə ananın təsiri və tapşırıqları olur. Bu qızları anası mühafizəkar, özünə qapanan, kişilərdən çəkinən və heç kimə etibar etməyən tərzdə böyüdür.
Atasız qızlarda kişi münasibəti bu uşağın zehnində yer almadığından o, harada və necə davranacağını bilmir. Təəssüf ki, bəzən onun hərəkətləri əks cins tərəfindən fərqli şəkildə qəbul edilə bilər. Həmin qadınlar gələcəkdə ailə qurub uşaq sahibi olanda uşağın atası ilə münasibət qurmasında da problemlər yaranır. Çünki bu hissi bilmirlər, yaşamayıblar.
Valideynlərin münasibəti də qızın gələcək münasibətini müəyyən edir?
Qız ərə gedəndə onun beynindəki münasibət anlayışı əslində valideynləri arasındakı münasibətdir. Əgər seçdiyi kişi bu modelə uyğun gəlmirsə, münaqişələr yarana bilər. Kişi çox yaxşı ola bilər, amma əgər qadın ərini atasının anası ilə rəftar etdiyi münasibət formatına sığışdıra bilmirsə, problemlər yaranır.
Atası ilə münasibəti sağlam olmayan qız gələcəkdə bədbəxt münasibətlərə məhkumdur?
Burada ananın təsiri də önəmlidir. Sağlam olmayan ata-qız münasibətində qız dominant bir ata profili altında əzilirsə, özünə güvənsizdirsə və bunu təsdiq edən bir ana varsa, sonrakı illərdə çox etibarsız və içinə dönük olur. Ancaq qızını qorumağa çalışan, sosial həyata itələyən, dəstək olan ana profili varsa, qız da çox sağlam münasibətlər qura bilir.
Atamızın fiziki xüsusiyyətlərini axtarırıq?
Atası içki aludəçisi olan bir qadın içki içən kişidən qaça bildiyi halda, eyni vəziyyətdə olan başqa bir qadın “atam qədər içmir, heç nə olmaz” deyə düşünür. Yəni qadın ata fiqurunun ya eynisini, ya da əksini seçir.
İndiki atalar da köhnə xarakterli ata profilindən uzaqlaşıb. Artıq bu məsələdə də müsairləşmə gedir. Günümüzdə analar qədər atalar d aövladları ilə zaman keçirib maraqlanır. Bu, çox yaxşı haldır. Amma burada da sərhədi keçməmək, atanın qoruyucu mövqeyini saxlamaq lazımdır. Çünki, günümüzdə uşaqlar çox tələbkardırlar və valideynlər onlarla mübarizə aparmağa çalışırlar. Ana yox deyəndə ata hə deyir, ata yox deyəndə ana hə deyir. Bu vəziyyət həm də valideynlərlə bir-birləri arasındakı münasibəti korlayır.
Möhkəm ata profili uşağın gələcəyinə də müsbət təsir edir və onun gələcəkdə quracağı əlaqələri müəyyənləşdirir. Eyni zamanda, uşaqlar gözləməyi, səbirli olmağı və həyatda istədikləri hər şeyi dərhal almamağı öyrənirlər.
Uşaqlıq dövründə ataları ilə olan qeyri-sağlam münasibətlər əksər qadınların xoşbəxt və uzunmüddətli əlaqələr qura bilməməsinin səbəbidir. Bu problemin konkret elmi tərifi yoxdur, lakin qadının kişilərlə yaxınlıq problemləri ilə atası ilə münasibətləri arasında sıx əlaqə var.
Ata problemləri həm kişilərdə, həm də qadınlarda görünə bilər, lakin şəxsi münasibətlər kontekstində bu, çox vaxt uşaqlıq dövründə ataları ilə qeyri-sağlam münasibətləri olan, daim sevgiyə, qorunmaya və təsdiqə ehtiyacı olan, lakin ataları ilə əlaqəsi olmayan qadınları təsvir edən məşhur bir ifadədir.
Hər qızın 3 atası var; “bioloji ata”, “xəyali ata”, və “simvolik ata”. Dünya təhlükələrlə doludur və hər şeyi bilən və hər şeyə qadir olan simvolik atamız bizi təhlükədən və bütün mənfiliklərdən qoruyur. Hər qız atası kimi biri ilə evlənmək arzusundadır. O, ilk tanıdığı adam olan atasını ideallaşdırır və bütün insanların atası kimi olacağını düşünərək böyüyür. Yetkin olanda ideallaşdırdığı atasına uyğun olaraq hər kişidə bir qüsur tapıb əlaqəni kəsir. Bu tip qadınların normal münasibət qura bilməsi də çətin olur. Bu vəziyyətdə olan qadınların uşaq ikən ataları ilə qurduqları etibarlı bağ onları həyatda güclü və uğurlu fərdlər edir, lakin bu bağ qurulmadıqda və etibarlı bağlanma həyata keçirilmədikdə, güclü bir əlaqə axtardıqları üçün münasibətlərində xoşbəxt ola bilmirlər.
Digər tərəfdən, belə bir atası olmayan, ata həsrətində olan, qorunmağa, qayğıya ehtiyacı olan qadınlar onları balaca qız kimi görən adamlarla münasibət qurmaq istəyirlər. Qadınlar məsuliyyəti üzərinə götürən, qətiyyətli və problemlərini aradan qaldıran, onu incidən hər kəsdən qoruyan, onunla fəxr edən, onu sevən adamları istəyirlər.
İnsanın doğulduğu andan bizə yaxşı hiss etdirən və sevilən valideynlərə ehtiyacı olur. Əgər bu valideynlik vəzifəsinə etinasız yanaşılırsa, müxtəlif psixoloji zədələrlə böyüyürük. Uşaqlıq təcrübələrimizin əsas qaynaqları, yetkin davranışlarımızın toxumları olan valideynlərimizlə münasibətlərimizi şüursuzca ümumiləşdirir və həyatımız boyu buna uyğun olaraq inkişaf etdirdiyimiz davranış nümunələrini təkrarlayırıq.
Atası tərəfindən görməzlikdən gəlinən, rədd edilən, atılan, təhqir edilən və ya bəyənilməyən qız ömrünün sonuna qədər məhrum olduğu ehtiyaclarını qarşılamaq üçün ata fiquru axtarır. Ata sevgisini kompensasiya etmək üçün başqa kişinin sevgisini qazanmağa çalışmaq istəyi olur.
Ata problemi olan qadınların ümumi xüsusiyyətləri aşağıdakılardır:
1. Yaşlı kişilərə üstünlük verirlər
Belə qadınlar ata fiquruna uyğun olaraq, özlərinə güvənən, həyatlarındakı boşluğu doldura bilən, etibar və təsdiq ehtiyaclarını ödəyə bilən yaşlı kişilərlə münasibət qururlar.
2. Kişiyə çox bağlı olurlar
Bunun səbəbi onların qayğı və sevgiyə olan ehtiyaclarının ödənilməməsidir. Onlar hər anını partnyorları ilə keçirməyə çalışırlar və birlikdə olduqları zaman kiçik bir qız kimi hər zaman toxunaraq, öpərək, qucaqlaşaraq yaxınlıq istəyirlər. Bununla belə, həddindən artıq yaxınlığın tez bir zamanda ayrılıq gətirməsi riski ilə üzləşirlər.
3. Çox qısqancdırlar, paylaşmağı bacarmırlar.
Tərk edilmək qorxusundan partnyorunun sevgisindən şübhələnir və xəyanət ehtimalını düşünərək onu daim nəzarətdə saxlayır və detektiv kimi arxasınca gedirlər.
4. Həmişə diqqət çəkmək, yaxud diqqət mərkəzində olmaq istəyirlər.
Onlar tez-tez seçilən şəxs olmaq istəyirlər. Amma bu istək zamanla tələb və məcburiyyətə çevrilir. Körpə danışıqları, davranışları və ya şıltaqlıqları ilə diqqət mərkəzində olmağa çalışırlar.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə