Sənəd itirənlər hara müraciət etməlidir? - QURUM RƏSMİSİ AÇIQLADI
"Bakı şəhərində Tapıntılar və Buraxılış Bürosu Daxili İşlər Nazirliyinin (DİN) müvafiq əmri ilə 2006-cı ildə BŞBPİ-yə bilavasitə tabe olan struktur hissə kimi yaradılmaqla fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə, DİN və BŞBPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir. Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olan, tapılan əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd olunan xidmətə görə dövlət rüsumu nəzərdə tutulmur. Büronun əməkdaşları tapılan əşya və sənədlərin saxlanılmasına cavabdehlik daşıyırlar. İtirilən sənəd və ya əşyalar barədə daxil olan müraciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır və bu haqda onlara büro əməkdaşları tərəfindən imzalanan və möhürlə təsdiq edilən arayış verilir". Bu barədə SİA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, tapılan əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir: "Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair) 1 ay müddətində saxlanılır və bu müddətdə sahibi müraciət etmədikdə ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları və digər sənədlərin (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və sair) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB