Şəhid ailələri və müharibə veteranlarına sosial dəstək göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi veteranları və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün növbəti mediatur təşkil edib. Jurnalistlər Şamaxı rayonunda həmin kateqoriyadan olan vətəndaşlar üçün yaradılan kiçik təsərrüfatlarla tanış olublar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mediatur zamanı ilk olaraq jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, veteranların sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin indiyədək 119 min şəxsi əhatə etdiyi, onlara dəstəkyönümlü 243 min xidmət göstərildiyi bildirilib.
Sosial dəstək paketi çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 15,2 min nəfərin aktiv məşğulluq proqramlarına, onlardan 8,6 min nəfərinin özünüməşğulluq proqramına cəlb edildiyi diqqətə çatdırılıb.
Media nümayəndələri əvvəlcə şəhid Tərlan Amanəliyevin atası Rövşən Amanəliyev üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatla tanış olublar. Şəhid atası postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq, proqram çərçivəsində avtoyuma avadanlığı ilə təmin edilib.
Müharibə veteranları Samir Hacızadənin və Teyyub Nağıyevin təsərrüfatları ilə də tanışlıq olub. Özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına Samir Hacızadə broyler inkubatoru, Teyyub Nağıyev isə heyvandarlıq üzrə təsərrüfatlarını yaradıblar.
Proqram iştirakçıları şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin onlara öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Şamaxının Qərəvəlli kəndindən olan Teyyub Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Sentyabrın 29-da Vətən müharibəsi başlayandan iki gün sonra cəbhəyə getmişəm. Rabitəçi idim. Suqovuşan, Talışkənd, Murovdağ istiqamətlərindəki döyüşlərdə xidmət göstərmişəm. Müharibədən sonra özünəməşğulluq proqramına cəlb olunmuşam. Mənə 3 baş inək verilib. Onlardan 2-si balalayıb. Südümüz, yağımız, pendirimiz ailəmizin tələbatını tamamilə ödəyir. Hələ təsərrüfatımızı genişləndirəcəyik. Bizə göstərilən diqqət və qayğıya görə Prezidentimizə ailəmiz adından minnətdaram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB