"Uğurlarla yanaşı jurnalist adından sui-istifadə edənlər də var" - BAŞ REDAKTOR AÇIQLADI

"Uğurlarla yanaşı jurnalist adından sui-istifadə edənlər də var" - BAŞ REDAKTOR AÇIQLADI

"Ölkədə xeyli müddətdir ki, jurnalist vəsiqələri ilə bağlı müzakirələr gedirdi. Bütün baş redaktorlar, media sahəsində çalışan şəxslər, jurnalistlər və təşkilatlar arasında geniş müzakirə olunduqdan sonra artıq müəyyən forma müəyyənləşdi". Bu sözləri SİA-ya açıqlamasında "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli deyib.

Onun sözlərinə görə, MEDİA agentliyi tərəfindən dövlət reyestrinə alınmış jurnalistlərə jurnalist vəsiqəsi veriləcək: "Burada da kriteriyalar müəyyənləşdirilib. Ən əsas şərtlərdən biri ali təhsilli olan və bu sahə ilə məşğul olan şəxslərə jurnalist vəsiqəsi veriləcək.

Jurnalist vəsiqəsi olmayan şəxslər də müstəqil şəkildə jurnalistlik fəaliyyəti ilə məşğul ola, eyni zamanda pararlel olaraq ona öz çalışdığı mətbu orqan tərəfindən də vəsiqə verilə bilər.

Jurnalist peşəsi ən yaxşı peşələrdən biridir. Bu peşə daim ölkə rəhbərliyinin diqqət və qayğısındadır. Təsadüfi deyil ki, mətbuat dördüncü hakimiyyət hesab olunur".

Emin Həsənli sözlərinə belə davam edib: "Hesab edirəm ki, Azərbaycanda son dövrdə aparılan siyasət nəticəsində güclü və peşəkar jurnalist ordumuz var. Bunu Vətən müharibəsi zamanı da gördük. Jurnalistlər bu sahədə xeyli peşəkarlaşıblar.

Təəssüflər olsun ki, bu uğurlarla yanaşı jurnalist adından sui-istifadə edənlər də var. Bunların aradan qaldırılması üçün jurnalist vəsiqəsinin verilməsi bu işə kömək edəcək. Cəmiyyət də bu istiqamətdə xeyli maariflənib. Bir müddət sonra bu kimi neqativ hallar minimuma edəcək. Unutmayaq ki, mənfi hallar dünyanın hər yerində var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə