NAYORA son 1 ayda gənclərlə bağlı hansı işlər görüb? - QURUM RƏSMİSİ AÇIQLADI
“Bildirmək istərdim ki, əvvəlki illərdə olduğu kimi, cari dövrdə də ölkəmizdə gənclər siyasəti uğurla icra edilməkdədir. Artıq post-pandemiya dövründə yaşadığımız üçün, deyə bilərəm ki, gənclər sahəsində də aktivlik nəzərə çarpır. Bu sahədə ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları öz sıralarına daxil olan minlərlə gənc üçün təlim, seminar, forum, konfrans, düşərgə və aidiyyəti istiqamətlərdə gənclərin asudə vaxtlarını səmərəli istifadə etmələri, həmçinin inkişaflarına töhfə vermək üçün yüzlərlə fəaliyyəthəyata keçirir. Xüsusilə bu ilin yay aylarında gənclərlə işləyən dövlət qurumlarının dəstəyi və gənclər təşkilatlarının təşkilatçılığı ilə onlarla düşərgə təşkil edildi. Bütün bu fəaliyyətlərin hər birinin təşkilində əsas məqsəd Azərbaycan gənclərinin hər zamanki kimi vətənpərvər, dünyagörüşlü və inkişafa meylli gənc olaraq yetişmələridir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq NAYORA-nın Baş katibi Ramin Həbibzadə deyib.

Ramin Həbibzadə sözlərinə belə davam edib: “Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) olaraq, biz yaxın keçmişdə üzv və tərəfdaş gənclər təşkilatlarımız ilə birlikdə həm paytaxt Bakıda, həm də regionlarda bır sıra layihə və tədbirlər həyata keçirdik. İlk öncə AR Gənclər Fondunun dəstəyi ilə “Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramı” layihəsindən bəhs etmək istərdim. Adıçəkilən layihə çərçivəsində NAYORA olaraq ölkədə fəalyyət göstərən aktiv və aparıcı gənclər təşkilatlarının Baş katib, İctimaiyyətlə əlaqələr üzrə menecer və Layihə menecerləri üçün ayrı-ayrı düşərgələr çərçivəsində ixtisaslaşmış mütəxəssislər və dövlət qurumların rəhbər və nümayəndələri tərəfindəninkişaf təlim və vörkşopları keçirildi. Layihə ümumilikdə gənclərlə işləyən 120-dən çox gənc mütəxəssisi əhatə edirdi. Layihə çərçivəsində ayrı-ayrı zamanlarda olmaqla Lənkəran, Mingəçevir və Şamaxı şəhərlərində 4 günlük düşərgələr təşkil edildi”.
O, qeyd edib ki, növbəti fəaliyyət olaraq, 44 Günlük Vətən Müharibəsinin ildönümünü xatırlamaq və gənclər arasında daha çox maarifləndirmə fəaliyyəti aparmaq məqsədilə NAYORA-ya üzv və tərəfdaş olan 15 gənclər təşkilatının rəhbərləri ilə AR Gənclər Fondunun dəstəyi çərçivəsində Gəncə, Mingəçevir və Bərdə şəhərlərinə səfərlərimiz baş tutdu: “Hər bir şəhərdə gənclər təşkilatlarının rəhbərləri tərəfindən paralel olaraq Ulu öndər Heydər Əliyevin abidəsinin, Şəhidlər Xiyabanının, həmçinin erməni silahlı qüvvələri tərəfindən raket atəşi ilə dağıdılmış ərazi və yaşayış məntəqələrinin ziyarət edilməsi, ali və orta ixtisas təhsili müəssilərində gənclərlə silsilə görüşlərin keçirilməsi və baş tacımız olan əziz Şəhidlərimizin ailələri ilə görüşlər keçirilməsi təmin edildi. Bu layihə çərçivəsində 3 şəhərdə 700-dən çox gənclə görüşlər keçirdik, Vətən Müharibəsi, vətənpərvərlik, ölkəmizi xarici ölkələrdə və beynəlxalq arenada necə təmsil etməklə bağlı öz fikir və təkliflərimizi səsləndirdik, həmçinin gənclərin də bu mövzular üzrə təkliflərini dinləyərək, onlarla yaxın gələcəkdə digər birgə layihələrin keçirilməsiniz müzakirə etdik.
Cari ilin avqust ayının sonlarında AR Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə Göygöl rayonunda 100 nəfər gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Gənclər Təşkilatlarının Yay Təcrübə Məktəbi” adlı düşərgə baş tutdu. Düşərgədə 10 nəfər dövlət qurumunun rəhbər və nümayəndələri, həmçinin aidiyyəti istiqamətlərdə ixtisaslaşan mütəxəssislər tərəfindən təşkilat nümayəndələri üçün maraqlı və məlumatlandırıcı təlim və görüşlər keçirildi.
Yuxarıda qeyd etdiyim yerli fəaliyyətlərlə yanaşı, son müddətdə beynəlxalq əlaqələrimizin daha da inkişaf etməsi üçün bir sıra layihə və tədbirlər də həyata keçirdik. Öncəliklə onu qeyd edə bilərəm ki, Azərbaycan, Almaniya və Gürcüstan gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi və yaxın gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün cari ilin avqust ayının sonunda Almaniyaya işguzar səfərimiz oldu. Həmçinin bu ilin sentyabr ayında Şərq Tərəfdaşlığı Ölkələrinin Milli Şuralarının rəhbərlərinin və həmin Milli Şuralara üzv gənclər təşkilatlarının sədrlərinin iştirakı ilə Bakıda bir həftəlik əhəmiyyətli seminarımız baş tutdu. Bu layihə çərçivəsində Azərbaycan, Danimarka, Gürcüstan, Ukrayna, Moldova və Belarusya ölkələrinin Milli Şuralarının gələcəkdə birgə layihələr keçirmələri və təcrübə, o cümlədən gənclər mübadilələri etmələri planlaşdırılır. Beynəlxalq əlaqələrimiz haqqında ümumi olaraq bildirə bilərəm ki, son bir ayda beynəlxalq gənclər təşkilatları ilə ondan çox işçi qaydada görüşlər keçirilmiş, növbəti ay həyata keçirəcəyimiz yeni beynəlxalq layihələrin təşkilati məsələləri ilə məşğul olmuşuq.
Yekun olaraq vurğulamaq istərdim ki, həm yerli, həm də beynəlxalq fəaliyyətlər çərçivəsində təşkil etdiyimiz hər bir fəaliyyətin mərkəzində ölkəmizin gənclər təşkilatlarının və onlara üzv olan gənclərin inkişafı, onlar tərəfindən Azərbaycanın beynəlxalq arenada layiqincə təmsil olunması və Dövlət Gənclər Siyasətinin bir parçası olaraq layiqincə icrası dayanır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB