Payız dövrünün əvvəlində təbiətdə bir çox dəyişikliklər baş verir. Məhz bu fəsil də təbiətin tərkib hissəsi olduğu üçün bu və ya digər şəkildə insan orqanizminə təsir göstərir. Bildiyimiz kimi payızda hava kəskin şəkildə pisləşir və gündüz saatlarının uzunluğu nəzərə çarpacaq dərəcədə azalır. Bu da həm immunitet sisteminə, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.
Bundan əlavə olaraq fəsillə əlaqədar olaraq gündəlik pəhrizdə köklü dəyişiklik baş verir.
Təcrübələr göstərir ki, hər bir insan özünü psixoloji cəhətdən payız dövrünə hazırlamaq üçün kifayət qədər problem yaşayır. Payız fəslində dəyişikliklər axşam saatlarında daimi zəiflik və baş ağrılarının, bəzi hallarda isə titrəmə və hətta burun axıntısı halları ilə özünü büruzə verir. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv halların daha çox müşahidə edildiyini söyləyirlər.
Nəmli hava kütləsi müxtəlif virusların və digər patogenlərin aktivləşməsinə şərait yaradır. İnsanda immunitet sistemi ilə bağlı problemlər varsa, müxtəlif xəstəliklərin inkişaf şansı əhəmiyyətli dərəcədə artır.
Psixoloji durumumuza hansı təsirləri var?
Fəsil dəyişkənliyi ilə əlaqədar yaşanan əsas problemlərdən biri də məhz psixoloji təsirdir. Çünki mövsüm dəyişkənliyi insanın depressiyaya girməsini daha da asanlaşdırır, bəzi insanlarda bu daha yüngül halda keçirsə, digərlərində isə daha ağır formada özünü göstərə bilir. Xüsusilə iş və şəxsi həyatda sıxıntı keçirən insanlarda depressiya hallarına daha çox rast gəlinir. Ofis mühitində və ya fiziki aktivlik tələb edən işlərdə işləyən insanlar üçün də eyni vəziyyət keçərlidir. Bu insanlarda özünü adətən halsızlıq, yorğunluq kimi hislər yaşanmaqla yanaşı, yuxu rejiminin, iştahın pozulması, bədəndə ağrıların olması, müəyyən bir işə həvəssiz yanaşma kimi göstərir. Fəsil dəyişikliyi səbəbindən yaranan daxili sıxıntı və bədbəxtlik hissi iş həyatında adaptasiya çətinliyi, enerji azalması və diqqət dağınıqlığına səbəb olur. Sürətli və stresli həyat şərtləri təsirsiz ötüşmür. Aparılan araşdırmalara görə, payız-qış aylarında günəş şüalarının hərarətinin azalması da insan psixologiyasına mənfi təsir göstərən amillər sırasındadır. Bu dövrdə uşaqlar, gənclər və yaşlılar xüsusilə diqqətli olmalıdırlar. Fəsillə əlaqədar yaranan gərginliklər 17-25 yaş arasında olan insanlarda üstünlük təşkil edir.
Əslində mövsümi əhval pozğunluğu halı təkcə payız-qış ayları üçün deyil, digər fəsillər üçün də keçərlidir. Şimal ölkələrində, xüsusən də qış aylarının daha uzun və qaranlıq olduğu yerlərdə yaşayan insanlarda mövsümi depressiyaya daha çox rast gəlinir.
Depressiyanın əlamətləri hansılardır?
Klinik depressiyanın əsas əlamətləri xoş olmayan duyğu hissi, maraq və zövq azlığı, ümidsizlik və pessimistlikdir. Belə şəxslər dərin bir kədər yaşamaqdadırlar. Gələcəkləri və yaşadıqları ilə bağlı həmişə ümidsiz düşünərlər. Pasiyentdə depressiv hallarla yanaşı, müəyyən vəzifə və öhdəliklərə qarşı da məsuliyyət hissinin azaldığı görülür. İş, şəxsi zövqlər, ikili münasibətlər, cinsəllik də daxil olmaq üzərə artıq zövq almazlar. Bunlarla belə ürəkbulanma da görülə bilər. Ümidsizlik və çarəsizlik hissləri o qədər dərin ola bilir ki, düşdükləri bu vəziyyətdən heç bir şəkildə qurtula bilməyəcəklərini belə düşünə bilərlər. Depressiv xəstələr adi günlük aktivitələri belə etməkdə çətinlik çəkərlər. İş, ailə, pul və sağlamlıqları ilə bağlı beyinləri məşğul olar. Enerji səviyyələri azalar. Bəzi şəxslərdə isə əlamətlərin qabarıq forması somatik əlamətlər şəklində olur.
Depressiv halların çoxundan bu kimi şikayətlərlə yanaşı olaraq iştahsızlıq və çəki itkisi də görülə bilər. Yuxu pozulmaları depressiyanın sıx rast gəlinən əlamətləri arasındadır. Əlavə olaraq dalğınlıq və unutqanlığı da buraya aid edə bilərik. Bəzi ağır depressiya hallarında isə düşüncədəki fikirlər ilə realda baş verəni xəstə bir-birilə qarışdıra da bilər.
Depressiya diaqnozu necə qoyulur?
Depressiya diaqnozunun qoyulması üçün yuxarıda sadalanan əlamətlərinin hamsının olması önəmli deyildir. Yuxarıdakı şikayətlər həyatı çətinləşdirəcək qədər ağır və başqa bir səbəblə əsaslandırıla bilinməzsə, bu zaman diaqnoz qoyulur.
Fəsil dəyişikliklərini rahat keçirmək üçün bəzi tədbirlərin görülməsi vacibdir. Xüsusilə qidalanma və yuxu rejiminə diqqət edilməli, vitamin və mineral baxımından zəngin qidalar yeyilməli, bol su içilməlidir, siqaret və alkoqoldan uzaq durulmalıdır. Əgər qapalı bir məkanda uzun müddət qalmalısınızsa, olduğunuz yerin təmiz olduğundan və yaxşı havalandırıldığından əmin olun. Stressə səbəb olan hallardan qaçın. Nevroz və digər psixoloji problemləri olan insanlarda fəsil dəyişikliyi zamanı yaranan yorğunluq özünü daha çox biruzə verir. Həmçinin xroniki problemi olan insanlara da bu aylarda özlərini qorumaları tövsiyə olunur. Bu mənada, məsləhətləri hər zaman diqqət mərkəzində saxlamaqda fayda var. Bu dönəmlərdə müsbət enerji ala biləcəyiniz insanlarla ünsiyyətdə olmaq da psixoloji cəhətdən müsbət təsirlə nəticələnə bilər.
Depressiv əhval müxtəlif səbəblərdən yarana bilər. Qış depressiyası, payız və qış aylarında günəş işığının az olması səbəbindən beyindəki pozulmuş hormonal balansdan qaynaqlanır. Səbəb isə, qışda günlərin qısaldılması ilə bədənin gündüz və gecə ritmi pisləşir. Bu pisləşmə ilə beyindəki hormonlar və siqnal verici maddələrin (neyrotransmitterlər) balansı pozulur.
Siqnal verici maddələr (neyrotransmitterlər) beyində siqnal ötürülməsində mühüm rol oynayan üzvi kimyəvi komponentlərdir. Dopamin, Norepinefrin, Serotonin və Endorfin beynin ən vacib siqnal verici maddələridir. Bu maddələr bədənin özü tərəfindən istehsal olunur və bir-biri ilə çox xüsusi əlaqəsi var. Bu əlaqənin pisləşməsi, məsələn, bir maddənin qeyri-adekvat istehsalı, emosiya, davranış və qavrayışa mənfi təsir göstərir.
Bu maddələrin funksiyası nədir?
1. Dopamin, norepinefrin ilə birlikdə bədəndə xoş hisslər yaradır. Dopamin səviyyəsində bir qədər azalma depressiyaya səbəb olur.
2. Serotonin sakitlik, tarazlıq və məmnunluq təmin edir. Eyni zamanda aclıq, qorxu, təcavüz, kədər və narahatlıq kimi hisləri azaldır.
3. Norepinefrin bədəni enerjili saxlayır və stimullaşdırır.
4. Endorfin ağrı kəsicidir. Hətta endorfin səviyyəsində kiçik bir enmə ağrı hissini daha da gücləndirir.
Qadınlarda bu dövri əhval kişilərə nisbətən iki dəfə çoxdur. Bunun səbəbi qadınların həyat boyu hormon dalğalanmalarına daha çox məruz qalmalarıdır.
Qadınlar ümumiyyətlə aşağıdakı dövrlərdə depresiv əhval-ruhiyyə daha çox müşahidə olunur:
- Menstruasiya dövrü
- Hamiləlik dövrü
- Doğum dövrü
- Doğumdan sonrakı dövr
Qış depressiyasının simptomlarına isə aiddir:
Artan yorğunluq, konsentrasiya problemi, ruh düşkünlüyü , maraq itkisi, tükənmə, həvəssizlik, sosial təcrid, kökəlmə, gərginlik, əsəbilik, iştahsızlıq, yuxu pozğunluğu.
Depressiyaya düşmək istəmiriksə, bəs, nə etməliyik?
Demək olar ki, hər kəsin bir stressli dövrü olur. Buna əsasən keçirdiyimiz travmalar, yaşadığımız hər hansı pis hadisə və s. səbəb ola bilər. Adətən dövri olan bu əhval-ruhiyyə bir müddət sonra yox olur. Lakin bu depresiv əhval (kədər , ümidsizlik) uzun müddət davam edərsə, davamlı depressiyaya çevrilə bilər. Depressiya mülayim, orta və ağır depressiya kimi təsnif edilir.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB