Vəsiqəsi olmayan jurnalistlər jurnalist kimi fəaliyyət göstərə biləcək? - SORĞU
Bildiyimiz kimi, “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar alıb. Bəs, Jurnalist vəsiqələri hansı jurnalistlərə şamil olunur? Vəsiqəsi olmayan jurnalistlər jurnalist kimi fəaliyyət göstərə biləcəkmi? SİA mövzu ilə bağlı media ekspertləri arasında sorğu keçirərək onların fikirlərini öyrənib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər: "Media Reyestri ilə bağlı cəmiyyətdə bir çox situasiyalar formalaşdırılır. Xüsusilə həm ölkə xaricindən, həm də bu günə qədər leqal fəaliyyət göstərməyən qurumlar bu məsələnin üzərində ciddi şəkildə bildirirlər ki, jurnalist sayılmayacaqlar. Xeyr, Media Reyestri ilə bağlı MEDİA agentliyinin verdiyi açıqlamada da açıq şəkildə göstərilir ki, bu imperativ xarakter daşımır. Bu sadəcə olaraq həmin jurnalistin Media Reyestrində qeydiyyatdan keçdiyini göstərəcək. Eyni zamanda, həmin jurnalistə bir sıra əlavə imtiyazlar verəcək. Məsələn, ipoteka məsələsi. Çünki hüquqi cəhətdən jurnalistin bir sıra hüquqları Media Reyestrində qeydiyyatdan keçdikdən sonra daha çox tənzimlənəcək və jurnalist bu vəsiqə ilə daha çox qazanacaq. Vəsiqə ona hər hansı bir məhdudiyyət gətirməyəcək. Kimsə bu reyestrdən keçmək istməsə belə, jurnalist kimi fəaliyyətini davam etdirə bilər. Redaksiyada bundan imtina edən əməkdaşının qərarına hörmətlə yanaşmalıdır. O baxımdan bu məsələni dramatikləşdirmək yersizdir.
Hesab edirəm ki, bu gün Azərbaycan mediasının qarşısında çox mühüm taleyüklü məsələlər var. Təəssüf ki, bəzi dairələr, bu zamana qədər qeyri-leqal fəaliyyət göstərmiş şəxslər Media Reyestri və leqallaşmasını qəbul etmək istəmirlər. Onlar bu məsələdə belə bir mövqe tuturlarsa, bizim də mövqeyimiz ondan ibarət olmalıdır ki, qanunvericilik əslində jurnalistlərin xeyrinədir. Jurnalistlər bu məsələdə təşəbbüskar olmalıdırlar ki, onların rəhbərləri reyestrdən keçmələrini təmin etsinlər. Artıq mediada qara buxalteriya dönəmini arxada qoymaq lazımdır. Bunda israr etmək çox yersizdir".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət: "Jurnalist vəsiqələri konkret olaraq qaydalarda göstərilib. Yəni, əmək müqaviləsi, yaxud fərdi şəkildə fəaliyyət göstərən jurnalistlərə veriləcək. Onun alınması üçün müvafiq redaksiyalar müraciət edəcək. Hər vəsiqə 20 manat rüsum ödənməklə alınacaq. Burada çətin bir prosedur nəzərdə tutulmayıb. Hər şey qaydasında olacaq və heç bir problem gözlənilmir.
Vəsiqəsi olmayanların jurnalist kimi fəaliyyət göstərməsinə gəlincə, jurnalistika azad bir məşğuliyyət sahəsidir. İstənilən şəxs bu məsələ ilə məşğul ola biləcək. Yəni, heç kim heç kimə "Jurnalistika ilə məşğul ola bilməzsən" deyə yasaq tətbiq edə bilməz. Zatən Azərbaycan Qanunvericiliyi də bunu nəzərdə tutmur.
Sadəcə bu vəsiqənin ortaya çıxması nədən qaynaqlanır və niyə belə bir zərurət yaranıb? Bu suala cavab vermək lazımdır. Cəmiyyəti də çaşdıran budur ki, niyə belə bir vəsiqə olmalıdır? Azərbaycanda jurnalistikadan sui-istifadə edənlərin sayı həddən artıq çoxdur və bunu bir yolla tənzimləmək zərurəti yaranıb. İllərlə müxtəlif üsullar təklif edildi, lakin nəticə olmadı. Ona görə belə bir yola müraciət edilib. Bunun özünü nə qədər doğruldacağı da zamanla görünəcək.
Jurnalistikanın hörmətinin özünə qaytarılması prosesi gedir. Nüfuzun bərpası üçün bu üsullara əl atılır. Əslində jurnalistikada arzuolunmaz vəziyyət olmasaydı bu addımlara ehtiyac qalmazdı. Amma biz məcburuq ki, jurnalistikada haqqı nahaqdan ayıraq. Ona görə də dövlət, yaxud MEDİA agentliyi bu cür təşəbbüslə çıxış edib.
Mən, vahid vəsiqənin tətbiq olunmasının tərəfdarıyam. Amma bir daha qeyd edim ki, vəsiqəni almayanların jurnalistika ilə məşğul olmasına heç nə əngəl deyil. Sadəcə onlar vəsiqənin tanıdığı imtiyazlardan istifadə edə bilməyəcəklər".
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: "Jurnalist vəsiqələri Media Reyestrinə daxil olan jurnalistlərə və media orqanlarının rəhbərlərinə veriləcək. Lakin, reyestrə daxil olmayanlar da öz redaksiyaları daxilində işçilərinə vəsiqə verə bilərlər.
Reyestrə daxil olanlara veriləcək jurnalist vəsiqələrinin üstünlüyü barədə hələ ki, heç bir məlumat yoxdur. Vəsiqəsi olmayan jurnalistlər də təbii ki, jurnalist kimi fəaliyyət göstərməyə davam edə biləcək. Hər bir redaksiya öz əməkdaşına vəsiqə verə bilər".

"7NEWS.az" xəbər saytının rəhbəri, internet-media ekspert Səbuhi Abbasov: "Bildiyimiz kimi, Azərbaycanda son bir ildə media ilə bağlı islahatlar həyata keçirilir. MEDİA agentliyinin yaranması və bütün media rəhbərləri ilə görüşü, onların təkliflərini dinləməsi, beynəlxalq aləmdə media ilə bağlı baş verən yeniliklər, trendlər, medianın inkişafını təmin edəcək amillər nəzərə alınmaqla böyük işlər həyata keçirilib. Bütün bunlar Azərbaycanda medianın yeni bir mərhələyə qədəm qoyduğunu əyani şəkildə sübut etdi. Ancaq işlər bununla yekunlaşmır. Böyük işlər hələ irəlidədir.
MEDİA agentliyinin verdiyi jurnalist vəsiqələri Media Reyestrinə düşən jurnalistlərə şamil edilir. Bu o demək deyil ki, yerdə qalanlar jurnalist kimi fəaliyyət göstərə bilməyəcək. MEDİA agentliyi heç bir halda Azərbaycanda medianın inkişafını senzuralaşdırma niyyətində deyil. Əksinə, medianın daha peşəkar səviyyədə fəaliyyətini stimullaşdıracaq addımlar atmaqla məşğuldur.
Media Reyestrinin yaradılması birmənalı şəkildə jurnalistlərin həm sosial, həm maddi durumunun yaxşılaşdırılması, reklam mühitinin sağlamlaşdırılması Media Reyestrinə düşən jurnalistlər üçün verilən əlavə öhdəliklərdir. Media Reyestrinə düşmək üçün jurnalistika sahəsində peşəkar fəaliyyət göstərmək lazımdır. Peşəkarlıq müqabilində isə dövlət tərəfindən jurnalistlərə əlavə güzəştlər olunacaq. Ən çox müzakirə olunan isə güzəştli ipoteka verilməsidir. Bu çox böyük bir məsələdir. Çünki jurnalistlərin çoxunun mənzil şəraiti bərbad durumdadır".
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə: "Media Reyestrindən keçən jurnalistlər vəsiqə ala biləcəklər. Həmin jurnalistlər həm ayrı-ayrı KİV-lərdə, həm də müstəqil fəaliyyət göstərə bilərlər. Qanunda bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Əsas odur ki, şəxs jurnalist fəaliyyəti ilə məşğul olsun və Media Reyestrindən keçsin.
Media Reyestrinin yaradılmasını müsbət qarşılayıram. Azərbaycanda jurnalist adına iddia edən minlərlə adam var. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 30 minə çatır? Azərbaycanda 30 min peşəkar jurnalist varmı? Əlbəttə, yox. Deməli, ölkədə minlərlə insan cibində saxta jurnalist vəsiqəsi gəzdirərək, dələduzluqla, reketliklə məşğul olur. Ümid edirəm ki, Media Reyestrinin yaardılması bu cür neqativ halları ortadan qaldıracaq.
Azərbaycanda media mühitinin saflaşmasına ehtiyac var. Bu istiqamətdə atılan bütün addımları, görülən işləri alqışlamaq lazımdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB