"Davam" Gənclər Hərəkatı son 1 ayda gənclərlə bağlı hansı işlər görüb? - QURUMDAN AÇIQLAMA VERİLDİ

"Davam" Gənclər Hərəkatı son 1 ayda gənclərlə bağlı hansı işlər görüb? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Gənclik uşaqlıqdan yetkinlik çağı arasında keçən, bioloji, psixoloji, əqli və sosial inkişafın və yetkinliyin olduğu həyata hazırlıq dövrüdür. Gənclər bir ölkənin ən mühüm sərvəti, gücü və ümididir. Gənclik bir milləti yüksəldən ən mühüm amildir. Gənclik milli şüurla, müasir mədəniyyətlə böyüməlidir. Xüsusilə, gənclərin güclü və müsbət xarakterə sahib olması vacibdir. Bəs, bu gün ölkəmizdə gənclərin inkişafı üçün hansı addımlar atılır? Gənclər təşkilatlarından biri olan "Davam" Gənclər Hərəkatı son 1 ayda gənclərlə bağlı hansı işlər görüb? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq "Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli cavab verib.

Onun sözlərinə görə, cari ilin sentyabr ayında “Davam” Gənclər Hərəkatı tərəfindən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı”na start verildi: "Sentyabr-oktyabr aylarını əhatə edəcək silsilə tədbirlər çərçivəsində icrasına başlanılan “İnformasiya Müharibəsi – Rəqəmsal Dünyanın Reallığı” və “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihələrin birinci mərhələsi olan interaktiv təlimlər baş tutub. 30 nəfərlik fərqli iştirakçı qrupları ilə keçirilən bu təlimlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, sosial mediada Azərbaycanın maraqlarının təmin edilməsi, gənclərin informasiya müharibəsində düzgün istiqamətləndirilməsi, virtual məkanda Azərbaycan əleyhinə həyata keçirilən “qara piar” kampaniyalarına qarşımübarizə aparılması ilə bağlı gənclərə ətraflı məlumat verilib və layihənin ikinci mərhələsində baş tutacaq sosial media kampaniyalarına hazırlıqlar görülüb. Statistik nəticələrə əsasən, keçirilən 20 təlimdən 800-dən çox gənc birbaşa və dolayı yolla yararlanıb".

Lumu İsrəfilli sözlərinə belə davam edib: "44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 300-dən çox davamçının iştirakı ilə İkinci Şəhidlər xiyabanına doğru anım yürüşü təşkil olunub. Paralel olaraq isə sosial media platformalarında "Davam" Gənclər Hərəkatı tərəfindən 27 sentyabr - Anım Günü ilə bağlı keçirilən sosial media kampaniyası çərçivəsində istifadə olunan həştəqlər “Twitter” üzərində dünya gündəminə çevrilib.

Qeyd edim ki, ötən həftə “Davam" Gənclər Hərəkatı və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar kino günlərinə start verildi və ilk seansda 100-dən çox gəncin iştirakı ilə “Dolu” filmi nümayiş olundu. Növbəti filmlər 12, 19, 26 oktyabr və 2 noyabr tarixlərində saat 15:00-da “Nizami” Kino Mərkəzində göstəriləcək.

Hərəkat tərəfindən yeni əməkdaşlıqların qurulması, mövcud əlaqələrin gücləndirilməsi məqsədi ilə bir sıra işgüzar görüşlər keçirilib. Hərəkatın sədr müşaviri Niyaz Əliyev "Institute of New Technologies"in baş icraçı direktoru Małgorzata Brzezińska ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlərlə bağlı danışıqlar aparıblar. Hərəkatın sədri Nihad Allahyarlı ilə ictimai fəal davamçılar və Təşəbbüs Qruplarının rəhbərləri arasında keçirilən görüş zamanı gəncləri maraqlandıran mövzularla bağlı fikir mübadiləsi edilib və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ötən aylarda Hərəkat tərəfindən start verilən “New Media Hub”, “Klublar Liqası” kimi bir sıra layihələrin icrası bu ay ərzində uğurla davam etdirilib.

Davamçılar sentyabr ayı ərzində həm yerli, həm də beynəlxalq tədbirlərdə qonaq, təşkilatçı və könüllü qismində iştirak ediblər. Hərəkatın İdarə Heyətinin üzvləri Sara Rəcəbli və Reyhan Camalova dünyanın ən böyük gənclər zirvəsi olan "One Young World" zirvə toplantısında Azərbaycanı təmsil ediblər. Ölkəmizdə baş tutan 600-ə yaxın ekspertin iştirak etdiyi “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammitinin təşkilatçılıq prosesində könüllülük işi davamçı gənclərin iştirakı ilə Hərəkat tərəfindən həyata keçirilib. Xəzər dənizinin sahili boyunca keçirilən ekoloji aksiya çərçivəsində davamçılar tərəfindən çimərlikdəki dənizkənarı ərazi plastik və digər tullantılardan təmizlənib.

Hərəkatın çətir struktur vahidinin tərkib hissələrindən olan “Davam” Mühəndislik Klubu tərəfindən neft-qaz sənayesi üzrə "Biz Neftçiyik!" adlı olimpiada, “Davam” Debat Klubu tərəfindən isə qan xəstəliklərinə həsr olunmuş "Bir qan, bir can" adlı layihə həyata keçirilib.

Hər ay olduğu kimi sentyabr ayı ərzində Hərəkata yeni üzv olan 328 gənclə davamlı müsahibələr keçirilib və onlar müvafiq olaraq qeydiyyata alınıblar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə