"Son hadisələr yeni bir dünya nizamının formalaşdığını göstərir" - QURUM RƏSMİSİ DANIŞDI

"Son hadisələr yeni bir dünya nizamının formalaşdığını göstərir" - QURUM RƏSMİSİ DANIŞDI

"Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1624 nömrəli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Bildiyiniz kimi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadi, siyasi, sosial sahələrlə yanaşı dini-mənəvi sahəyə də xüsusi diqqət yetirilir". Bu fikirləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, Ulu Öndər tərəfindən hər sahədə olduğu kimi bu sahədə böyük tədbirlər görülmüşdür: "Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Ulu Öndərin siyasətinin məntiqi davamıdır. Fond yarandığı ilk gündən qarşısına qoyduğu məqsəd zəngin tarixi mirasımızı, keçmişdən gələn tolerant mühiti nəzərə alaraq bu sahədə dövlət siyasətinə öz töhfəsini verməkdir. Biz 5 il ərzində çalışdıq ki, din xadimləri arasında, dini icmaalar, dini qurumlar arasındakı münasibətləri davam etdirək. Bununla bağlı bir sıra layihələr həyata keçirmişik. Müsəlman və qeyri-müsəlman icmalarının bir çox layihələrinə yaxından dəstək vermişik. Sadəcə din xadimləri ilə deyil mənəviyyatla bağlı olan bir çox qurumlarla, şəxslərlə yaxından təmas qurmuşuq. Biz xüsusilə gənclərimizə mənəvi dəyərlərin təbliği istiqamətində tərbiyəsinə diqqət yetirmişik. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və başqa aidiyyatı qurumlarla birgə bu sahədə həm ali təhsil ocaqlarında, həm orta məktəblərdə çoxsaylı layihələr həyata keçirilir.

Dünya sürətlə dəyişir və son hadisələr yeni bir dünya nizamının formalaşdığını göstərir. Azərbaycan dövləti də cənab Prezidentin rəhbərliyi altında yeni dünya nizamına sürətlə inteqrasiya olunur və çox uğurlu şəkildə öz yerini alır. Bu dövlətin inkişafına çalışan qurum yeni dəyişikliyə hazır olmalıdır. Mənəvi Dəyərlərin Təbliği Fondu da bu dəyişikliklər istiqamətində öz fəaliyyətini davam etdirəcək. Azərbaycanın mənəvi, milli dəyərlərinin qorunmasında öz töhfəmizi verməyə hazırıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə