Günümüzdə cütlüklərin əksəriyyəti evləndikdə yaşadıqları problemlərin keçəcəyini düşünür. Daha çox qadınlar qısqanc sevgilinin, yaxud şiddətə meyilli adamın müsbətə doğru dəyişəcəyinə inanır. Lakin heç bir şey dəyişmir və problemlər getdikcə kəskin bir hal alır. Çünki tanışlıq dövründəki problemlər evləndikdən sonra daha da artır.

Sağlam ailənin təməli düzgün ər-arvad münasibətidir. Bir münasibətə başlamazdan əvvəl nəzərə alınmalı bəzi şeylər var. Qarşı tərəf həddindən artıq qısqanc ola, narkotik istifadə edə, yaxud sizi sevməyə bilər. Biz bu tip adamları sevib "Evlənəndə yaxşılaşar", "Uşaq olanda düzələr" deyərək evlənməməliyik. Bizdə belə bir ifadə var ki, “Evlənəndən sonra düzələcək”. Baxırsan ki, adam içki içir, evə yığışmır, bəlkə qumar oynayır, bu adam psixoloji olaraq hər hansı bir məsuliyyəti götürməyə hazır deyil, ən azından işləmir belə və bizdə insanların yanaşması odur ki, “Evləndir düzələcək”. Evlilik anlayışı bu qədər bəsitdirmi? Problemlərin açarı evlilikdirmi?! SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qarşı tərəflər ortaq cəhətləriniz və ümumi zövq aldığınız şeylər olmalıdır. Sevgi insanın gözünü kor etdiyi üçün qüsurları görmək imkanımız olmur. Amma etiraf edək ki, bu, keçicidir və bir müddət sonra sevgi də azalır. Bu zaman da qüsurlar ön plana çıxır. Kişi axşamlar kinoya baxır, qadın isə təkbaşına onu gözləyir. Unutmayaq ki, qadın sevildiyi müddətcə var ola bilən bir varlıqdır. Hər gecə televizor qarşısında oturub filmə baxan və başqa heç nə ilə maraqlanmayan həyat yoldaşları olan qadınların psixi sağlamlığı yaxşı vəziyyətdə ola bilməz. Bunlar kiçik, lakin vacib detallardır. Bir çox insanın evliliyi bunlara görə bitir. Bir çox cütlük bunlara görə boşanmağa qərar verir və son mərhələdə inadkar olanlar psixoloji dəstək alır.

Cütlüklərdən biri və ya hər ikisi keçmişdə travmatik hadisələr yaşayıbsa (baxımsızlıq, zorakılıq, sevgisizlik, valideyn itkisi və s.) və bu travma aradan qaldırılmasa, evlilikdə problem yaşanacaq. Məsələn, şəxs zorakılığa məruz qalıbsa, ailəsində zorakılıq müşahidə edibsə və ya cinsi qısnama və ya laqeydlik kimi problemlərlə üzləşibsə, bu, onun evliliyinə mənfi təsir göstərə bilər.
Evlənmək üçün yanlız sevgi kifayətdir?
Sevdiyiniz insanın qüsurlarını hələ görmədiyiniz üçün bu qüsurlar bir müddət sonra üzə çıxacaq. Belə olan halda məntiq evliliyi daha təhlükəsizdir. Çünki bu zaman bütün risk faktorlarını aydın görmək olur.
Unutmayaq ki, başqasının qızı sizin oğlunuzun dərmanı deyil. Uşağınızın psixoloji bir problemi varsa, onu evləndirərək sağaltmağı düşünməyin. Bəzi valideynlər öz uşaqlarının problemlərini həll etmək yerinə, başqasının qızını qurban seçir. Valideynlər düşünür ki, övladları evləndikdən sonra psixoloji vəziyyəti düzələcək, əsəbləri sakitləşər, mənfi xüsusiyyətləri dəyişər. Öz valideynlik öhdəliklərinizi yerinə yetirməmək üçün, o məsuliyyəti üzərinizdən atmaq üçün oğlunuzu evləndirib yükü başqasının qızının üzərinə atırsız. Evlənmək məsuliyyətini özündə hiss etməyən oğullarınıız niyə məcbur edib evləndirirsiniz? Niyə onu zorla başqasına ər, bir uşağa isə ata edirsiz? Hər kəs evlənmək məcburiyyətində deyil.
Evlənməzdən əvvəl münasibətdə olduğunuz insanlarla mütləq danışmalı olduğunuz məsələlər var:
1. Yaşayacağınız ev
2. Maliyyə məsələləri
3. Ailə problemləri
4. Cinsi əlaqə
5. Uşaq sahibi olmaq
6. Özəl sahə limitləri
7. Gələcək Planlar
Evlilik qərarı alarkən bu məqamlara diqqət edin:
1. Şəxslər arasında sevgi olması mütləqdir
2. Maliyyə Vəziyyətləri
3. Qarşılıqlı hörmət
4. Qərarlılıq
5. Güvən
6. Xaraktercə uyğunluq
7. Ortaq cəhətlər
8. Empatiya bacarığı. Yəni, biri-birini anlamaq.
Həyatın bütün sahələrində olduğu kimi, evlilikdə də danışmaq və ortaq qərara gəlmək lazımdır. Əgər cütlüklər özləri buna nail ola bilmirlərsə, psixoloji dəstək almalıdırlar. Bəzi cütlüklər harada yaşayacaqlarından tutmuş, uşaq sahibi olub-olmayacağına qədər bir çox mövzuda müzakirə aparmırlar. Əgər insanın tarixində həll olunmamış və hələ də təsirli travmatik hadisələr varsa, evlilikdə problem yaranacaq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB