Tovuzda şəhidlərin xatirəsinə həsr olunan bulaq kompleksi niyə yarımçıq qalıb? – FOTO-FAKT

Tovuzda şəhidlərin xatirəsinə həsr olunan bulaq kompleksi niyə yarımçıq qalıb? – FOTO-FAKT

2-ci Qarabağ müharibəsində şəhid olmuş tovuzlu qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün Tovuz şəhərinin Xaqani küçəsində yerləşən binaların həyətində sakinlər tərəfindən tikintisinə başlanmış xatirə bulağı maliyyə çatışmazlığından yarımçıq qalıb.

Fotolarda gördüyünüz bu xatirə bulağı Tovuz şəhəri Xaqanı küçəsindəki 6 və 8 nömrəli binaların həyətindədir. Bunu sakinləri özləri pul yığıb Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikiblər, lakin pulları bura qədər çatıb, indi rayonda bir imkanlı şəxs, idarə, biznes obyekti tapılmır ki, qalan xərci də ödəsin, 90 faizi tamamlanmış tikilinin üz-başını da düzəldib istifadəyə versinlər. Sakinlər deyir ki, əgər rayonda heç kimin bu kiçik xərci ödəməyə həvəsi yoxdursa, Tovuzdan kənarda yaşayan tovuzlulara müraciət etməyə məcbur olacaqlar.

Tovuz rayon İcra Hakimiyyəti nümayəndəsi də sosial şəbəkədə paylaşdığımız fakta cavab olaraq bildirib ki, bulağın tikintisinə həmin ünvanda yaşayan sakinlər tərəfindən başlanılmış, lakin maliyyə vəsaiti çatışmazlığı səbəbindən tamamlanmamışdır. RİH nümayəndəsi qeyd edib ki, sözügedən iş başlayarkən, tikintini həyata keçirən sakinlərin nümayəndəsi ilə görüşülüb, o isə bildirib ki, tikilini özləri tamamlayacaq.
Qeyd edək ki, yığılmış vəsait tikilini tamamlamağa çatmayıb, işin 90 faizi görülsə də, sadəcə tikilini üzləmək və cəmi bir neçə metr arxada yerləşən su hovuzundan bir su xətti çəkmək üçün vəsait tələb olunur. İndi onlara bu çatışmayan kiçik vəsaitlə bağlı kömək olunmasını xahiş edirlər.
Əlbəttə, sosial şəbəkədə bir yardım kampaniyası başladıb bu vəsaiti toplamaq olar, lakin bu, rayon üçün ayıb olar. Bu səbəbdən sakinlər onlara rayon daxilindən kömək olunacağına ümid edirlər.

Fikrimizcə, adi bir kiçik bulaq çox xərc tələb etməz, bu boyda rayon üçün beş-on kvadrat kafel üzlük vurmaq və 5 metr boru çəkmək problem olmamalıdır. Yadımdadır, keçən yay mən Tovuzda olarkən oraya gələn İH nümayəndələri mənə və sakinlərə söz vermişdi ki, kömək edəcəyik. Mən də bu xeyirxah işi mediada işıqlandıracağımı demişdim. Amma bu baş vermədi. Yəqin ki, keçən ilyarımda buna vaxt olmayıb ya da bu kiçik maliyyə vəsaitini tapmaq mümkün olmayıb. Belədirsə, biz sakinlər tərəfindən rayondan kənarda yaşayan imkanlı tovuzlulara ünvanlanacaq açıq müraciəti dərc edəcəyik. İnşallah onların bu xırda məbləği ödəməyə imkanları çatar.

Bütün xəbərlər Facebook səhifəmizdə