Gənclər Fondu son 1 ayda hansı işlər görüb? - QURUM RƏSMİSİ AÇIQLADI
Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə 29 dekabr 2012-ci il tarixli 801 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Bəs, son 1 ay ərzində Gənclər Fondu hansı işlər görüb? Bu barədə SİA-nın sorğusuna qurumun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov cavab verib.
“YAY FEST” Gənclər Festivalı - Ölkənin ən böyük gənclər festivalı olan car ilin 05-09 Sentyabr tarixlərində “YAY FEST”İN “Həmrəylik” həftəsində şöbənin əməkdaşları iştirak etmişdir.
2019-cu ildən bəri ənənə halına çevrilən festivalın məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında təhsilin, innovasiyanın, vətənpərvərliyin, könüllüyün, inkişafın və sağlam həyat tərzinin təşviq olunmasıdır. Festival çərçivəsində hər biri 5 gün olmaqla 8 fərqli mövzuda ( Tələbəlik, Dəmir Yumruq, Yaradıcılıq, Könüllülük, UN SDG Camp, İdeyadan Biznesə, Karyera və İnkişaf və Həmrəylik Düşərgəsi) 8 fərqli düşərgə təşkil olunub.
“Ağdam könüllüləri ” - İşğaldan Azad edilmiş ərazilərdə könüllülük proqramı çərçivəsində18-29 yaş arası, əslən Ağdam rayonundan olan gənclər arasından “Ağdam könüllüləri ” ilə müsahibə prosesi həyata keçirilmişdir.
Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
Proqram çərçivəsində könüllülər Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
“İdeyanı Reallaşdır 2022” - Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi həyata keçirmiş və layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə ümumilikdə 460 layihə müraciəti olunmuş, onlardan 178 layihənin maliyyələşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
İstedadlı gənclərin təhsil xərclərinin qarşılanması - sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəsi elan edilmişdir.
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.
Müsabiqəyə yalnız dövlət ali təhsil (filialları da daxil olmaqla) və dövlət orta ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələr Gənclər Fondun rəsmi internet səhifəsi (youthfoundation.az – Elektron Xidmətlər) və GəncAPP mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını doldurub sayt üzərindən Fonda göndərməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Fondun Nizamnaməsinin 3.1.9. yarımbəndinin məzmununa uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin tam və ya qismən maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu üç müsabiqə həyata keçirmişdir. Müsabiqə müraciətçilərinin qiymətləndirilməsi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Tələbə-Gənclər Təşkilatları və müvafiq təhsil müəssisələrinin rəyləri əsasında aparılmışdır.
Birinci müsabiqə, 02-18 noyabr 2018-ci il tarixlərində həyata keçirilmişdir. Müsabiqəyə ümumilikdə 31 ali təhsil müəssisəsində təhsil alan 724 tələbə müraciət etmiş və nəticədə 237 tələbənin (215 bakalavr; 22 magistr; 226 əyani və 11 qiyabi tələbəsinin) təhsil xərcləri (təhsil haqqı borcları) Fond tərəfindən qarşılanmışdır.
İkinci müsabiqə, 11 iyun-19 iyul 2019-cu tarixlərində həyata keçirilmişdir. Müsabiqəyə ümumilikdə 31 ali və 54 orta-ixtisas təhsil müəssisəsində təhsil alan 1,151 tələbə müraciət etmiş və nəticədə 425 tələbənin (353 bakalavr; 29 magistr; 406 əyani; 19 qiyabi; 382 ali təhsil və 43 orta-ixtisas tələbəsi) təhsil xərcləri (təhsil haqqı borcları) Fond tərəfindən qarşılanmışdır.
Üçüncü müsabiqə, 5 noyabr-3 dekabr 2020-ci tarixlərində həyata keçirilmişdir. Müsabiqəyə ümumilikdə 31 ali və 54 orta-ixtisas təhsil müəssisəsində təhsil alan 1,446 tələbə müraciət etmiş və nəticədə 528 tələbənin (404 bakalavr; 41 magistr; 476 əyani; 52 qiyabi; 445 ali təhsil və 83 orta-ixtisas tələbəsi) təhsil xərcləri (təhsil haqqı borcları) Fond tərəfindən qarşılanmışdır.
Qeyd olunmalıdır ki, Proqram çərçivəsində üç il ərzində 3321 tələbə müraciət etmiş onlardan 1,190 tələbənin təhsil xərci Fond tərəfindən maliyyələşdirilmişdir.
Əmək və Sosial Münasibətlər Akademiyasında gənc həmkarlar ittifaqı fəalları üçün Fondun layihə və proqramları, eyni zamanda "Layihə quruluşu, layihənin inkişaf mərhələsi, layihənin icra mərhələləri" və digər mövzularda təlimlər keçirilmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Avropa İttifaqının Gənclər üçün Proqramının (EU4YOUth) birgə təşkilatçılığı ilə keçirilən “Sosial sahibkarlıq vasitəsi ilə gənclərin məşğulluğunun artırılması’’ siyasət laboratoriyasında iştirak edilmişdir.
Ay ərzində şöbəyə daxil olan vətəndaş müraciətlərinə müvafiq şəkildə cavab məktubu hazırlanaraq göndərilib.
Bakı KOB evində Gənclər Fondu tərəfindəb xidmət göstərilməsi ilə əlaqədar olaraq 20,21,22,23 Sentyabr tarixlərində təlimlərdə iştirak edilmişdir. Təlimlər “Effektiv ünsiyyət bacarıqları”, “Stress vəziyyətinin idarə olunması”, “Konfliktli halların idarə edilməsi”, “Müştəri məmmuniyyətinin idarə olunması” mövzularda həyata keçirilmişdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB