İcbari tibbi sığorta haqqı ödəməyən şəxslər pulsuz xidmətlərdən yararlana bilər? - QURUMDAN AÇIQLAMA
“Tibbi sığorta haqqında” Qanuna əsasən (15-2.1.) Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Bəs, İcbari tibbi sığorta haqqı ödəməyən şəxslər pulsuz xidmətlərdən yararlana bilər? Və bu xidmətlər hansılardır? Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova SİA-nın sorğusuna cavab olaraq bildirib ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
Onun sözlərinə görə, həmin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər: "Xidmətlər Zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
1. Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
2. İlkin tibbi-sanitariya yardımı;
3. Ambulator şəraitdə müayinə və müalicə;
4. Stasionar müalicə;
5. Funksional-diaqnostik müayinələr;
6. Fizioterapevtik xidmətlər;
7. Laborator müayinələr;
8. Hamiləlik və doğuş xidməti;
9. Təcili vaksinasiyalar;
10. Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
11. Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək həyati vacib əməliyyatlar).
Təminata alınmış əməliyyatlar sırasında aorto-koronar şuntlama və koxlear implantasiya əməliyyatları, oynaq endoprotezlərin yerləşdirilməsi, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyyə əməliyyatları vardır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsinə (https://its.gov.az/) daxil olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə daha ətraflı tanış olmaq mümkündür. Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi vasitəsilə tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq, həmçinin tibbi xidmət müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ haqqında məlumat almaq olar".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB